Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına dair müzakirə aparılıb

Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına dair müzakirə aparılıb Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareslə görüşüb.
Səfirə yeni təyinatında uğurlar arzulayan rektor Rumiyanın ölkəmizdəki səfirliyi ilə ADU arasında mövcud olan səmərəli əməkdaşlıqdan danışıb. Akademik Kamal Abdulla bildirib ki, bu əməkdaşlıq elm, mədəniyyət və təhsil sahəsində uğurla davam edir, universitet gələcəkdə əlaqələrin daha da genişlənməsində maraqlıdır: “İnanırıq ki, Sizin köməyinizlə Rumıniya universitetləri ilə müxtəlif istiqamətli əlaqələrimiz daha da genişlənəcək, tələbə-müəllim mübadiləsi, birgə tədbirlərin keçirilməsi daha çox inkişaf edəcək. Universitetimizdə Rumın dili və mədəniyyəti mərkəzi bir neçə ildir uğurla fəaliyyət göstərir, tələbələr rumın dilini böyük maraqla öyrənirlər”.
Rektor səfirə Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı təkliflərini bildirib, diplomatı “Səfir saatı” layihəsində tələbələrlə görüşə, eləcə də qədim türk dilləri mövzusunda mühazirə oxumağa dəvət edib. Kamal Abdulla ADU-da tədris olunan dillərdən danışarkən, klassik dillərdən olan sanskrit dilinin tədrisinin uğurla davam etdiyini də diqqətə çatdırıb.
Azərbaycan haqqında xoş təəssüratlarını bölüşən səfir Vasile Soares ümidvar olduğunu bildirib ki, rəhbərlik etdiyi qurumla ADU arasında əməkdaşlıq bundan sonra daha da genişlənəcək: “Bizim gələcəklə bağlı müxtəlif istiqamətli planlarımız böyükdür. Əlbəttə, Azərbaycan Dillər Universiteti ilə münasibətlərimizin daha geniş müstəvidə inkişafı prioritet istiqamətdir. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanla Rumıniya arasında dostluq münasibətləri uzun illərdir davam edir, əlaqələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil və mədəniyyət istiqamətində inkişaf edir. Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinə olan diqqətinizə görə təşəkkür edirəm. Çox şadam ki, tələbələr rumın dilini öyrənirlər, bizim ölkəmizin tarixinə, dilinə, mədəniyyətinə maraq göstərirlər. Sizin Rumıniyanın nüfuzlu universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması təklifinizi məmnuniyyətlə qəbul edirəm və bu istiqamətdə vacib addımlar atılacaq”.
Daha sonra qonaq ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub, rumın ədəbiyyatının klassiki, görkəmli şair Mihay Emineskunun şeirlərinə çəkilmiş rəsm əsərlərinin sərgisində iştirak edib. ADU-nun Rumın dili və mədəniyyəti mərkəzinin rəhbəri Jozefina Blazsani-Batto sərgi haqqında iştirakçılara məlumat verib, rektor Kamal Abdulla, səfir Vasile Soares və Rumıniya-Azərbaycan Dostluq Qrupu İctimai Birliyinin sədri Akif Əmirov sərginin təşkilini yüksək dəyərləndiriblər.
Tədbirdə ADU-nun tələbələri Mihay Emineskunun şeirlərini Azərbaycan və rumın dillərində səsləndiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər