AzMİU-nun müəllimi “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib

AzMİU-nun müəllimi “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) baş müəllimi, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov UNESCO yanında təsis edilən “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib.
Akademiyanın Bakı nümayəndəliyində keçirilən təqdimat mərasimində qurumun üzvləri, ölkəmizin görkəmli elm və incəsənət xadimləri, İtaliya səfirliyinin əməkdaşları iştirak ediblər. Fərid Kərimovla yanaşı, Xalq rəssamı, professor, heykəltaraş Natiq Əliyev də akademiyaya üzv seçilib. Tədbirdə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoliy Silov, Bakı nümayəndəliyinin müdiri, Xalq rəssamı Arif Əziz, Xalq rəssamı Xanlar Əhmədov, Xalq rəssamı, professor Sakit Məmmədov, AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, “Simurq” Assosiasiyasının prezidenti professor Fuad Məmmədov yeni üzvləri təbrik ediblər.
Qeyd edək ki, 2008-ci ildə UNESCO yanında təsis edilən “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının baş iqamətgahı Xorvatiyanın Split şəhərində yerləşir. Otuz ölkənin üzv olduğu Akademiyanın Çin (Xarbin), Rusiya (Çeboksarı) və Azərbycanda (Bakı) filialları açılıb. Akademiya müxtəlif ölkələrin görkəmli incəsənət nümayəndələrini ümumi məqsədlərlə birləşdirərək mədəniyyətlərarası mübadiləni gücləndirir, korporativ layihələr, beynəlxalq sərgilərin təşkili, auksion evləri ilə əməkdaşlıq, gənc rəssamlara dəstək, mədəni irsin və bədii ənənələrin qorunması, elmi-tədqiqat təcrübəsini gerçəkləşdirir. Hazırda Akademiyanın 60 üzvü var. Bakı filialının 2014-cu ildə “11” adlı kollektiv sərgisi Müasir İncəsənət Muzeyində, 2019-cu ildə “Bahar ilmələri” xalça və qobelen sərgisi, Muzey mərkəzində 100 rəssamın “Maestro and Masters” kollektiv sərgisi keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər