“QGallery” qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi Rəşad Cabarovun fərdi sərgisi açılıb.
Sərginin açılışında ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, tədris işləri üzrə prorektor Validə Məmmədova, Xalq rəssamı, professor Arif Əziz, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Salhab Məmmədov və Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxış ediblər.
Çıxışçılar bildirib ki, rəngkarlıq sənətinin istedadlı nümayəndələrindən olan Rəşad Cabarov, təsviri incəsənətimizin maraqlı generasiyasını təmsil edir. 1990-cı illərdən yaradıcılıq fəaliyyətinə başlayan rəssam akademik bilik və vərdişləri ilə yanaşı, zamanın tələbinə, baş verən dəyişikliklərə həssasdır. İfadə tərzi qismində realizm və fiqurativlikdən çıxış edən rəssam, üslubi baxımdan postmodernizmə meyillidir. Onun əsərlərindəki duyğu şəffaflığı, daxili məkanların həllində işıq, dərinlik, zəngin və incə koloristik duyum heyranedici qüvvəyə malikdir. Yaratdığı əsərlərində bildiyimiz, sevdiyimiz və bəzən unutduğumuz dəyərlərə müraciət edən Cabarov onları yeni prizmadan görür, canlandırır. Məhz bu duyğular rəssamın mövzu seçimini müəyyən edir. Sərgidə təqdim olunan 30-dan çox əsər portret, mənzərə, animalistik janrları əhatə edir. Lakin rəssam burada konkretlikdən qaçır və çevrəsini, həyatımızı əlvan rənglərə boyayır, əsərlərindəki işıqla paylaşır. Ölkəmizin ilk şəxsi qalereyası olaraq milli sənətimizin dünyaya inteqrasiyasına, rəssamlarımızın tanınmasına hər zaman təkan verən, müasir Azərbaycan incəsənətinin inkişafında əhəmiyyətli rol oynayan “QGallery” bu dəfə də sərginin ekspozisiyasını maraqlı kontekstdə təqdim edib. Rəşad Cabarovun sirli işıq-kölgəyə bürünmüş gözəlləri, qızmar günəşli Bakısı, simvolik Tovuz quşu, gülən çiçəkləri klassik ənənəni müasirliyə, müasirliyi isə əbədiliyə qovuşduraraq, qalereyanın ümumi ab-havasını nağıla çevirib.
Sərgi noyabrın 17-dək davam edəcək.
Tehsil-press.az