Elmi konfrans: Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi

Elmi konfrans: Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşəbbüsü ilə “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin anılması ilə başlayıb.
Plenar iclası açan BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlar, banisi olduğu azərbaycançılıq ideologiyası, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələrdən danışıb. Bildirib ki, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə ədəbiyyat və mədəniyyət xadimləri, elm adamları yüksək qayğı ilə əhatə olunub, dövlət dilinin qorunması və təbliği istiqamətində tarixi əhəmiyyət daşıyan fərman və sərəncamlar imzalanıb, görkəmli ədəbi şəxsiyyətlərin yubileyləri qeyd edilib. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şərəfli missiyanı uğurla davam etdirir, xüsusilə Qarabağ ədəbi-mədəni mühitinin əvvəlki nüfuzunun qaytarılması yönündə mühüm addımlar atır. Ölkəmizin mədəniyyət beşiyi Şuşada tarixi önəm daşıyan tədbirlər həyata keçirilir.
Sonra BDU-nun “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi professor Adil Babayev, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Hacıyev Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı çıxışlar ediblər. Çıxışlarda ölkəmizin tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması, dünya diplomatiyasına yol tapması, mötəbər məclislərin kürsülərindən eşidilməsi Ulu öndərin ana dilinin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub. Həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün varlığı ilə Vətənə bağlı böyük dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyi vurğulanıb.
Konfransın davamında ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib, fakültənin tələbələri Cahan Salmanova və Ülviyyə Orucovanın ifasında şeirlər səsləndirilib.
Plenar iclasdan sonra konfrans öz işini üç bölmə iclası ilə davam etdirib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovanın sədrliyi ilə “Heydər Əliyev Azərbaycan dili və ədəbiyyatının hamisi kimi”, Rus dili (təbiət fakültələr üzrə) kafedrasının müdiri professor Mikayıl Cəfərovun sədrliyi ilə “Dilçilik”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Həqiqət Abdıyevanın sədrliyi ilə “Ədəbiyyatşünaslıq” bölmələrində filologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər