Bakı Qızlar Universitetində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda açıq dərs

Bakı Qızlar Universitetində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda açıq dərs Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin ikinci kursunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda açıq dərs keçirilib.
Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi dosent Təranə Şükürlü dərs prosesində bildirib ki, ölkəmizdə dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri yerinə yetirildi. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görüldü.
Təranə Şükürlü vurğulayıb ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Açıq dərs auditoriya tərəfindən maraqla dinlənilib, Təranə Şükürlü tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
Sonda tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.

Tehsil-press.az


Oxşar xəbərlər