İlahiyyat İnstitutu Lənkəranda abituriyentlər üçün maarifləndirici görüş keçirib

İlahiyyat İnstitutu Lənkəranda abituriyentlər üçün maarifləndirici görüş keçirib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
İnstitut heyətinin növbəti səfəri Lənkəran şəhərinə olub. Görüşdə abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov institut kollektivinin bölgələrdə keçirdiyi maarifləndirici görüşlərinin əhəmiyyətindən danışıb.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. İnstitutun yeni binasında tələbələr üçün lazımi şərait yaradıldığını vurğulayan prorektor ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, mövcud ixtisaslar, həmçinin ali təhsil müəssisəsinin tədris prosesi haqqında geniş məlumat verib. O qeyd edib ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. M.Mürsəlov tələbələrin pulsuz yeməklə təmin ediləcəyini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkili və digər üstünlüklərə sahib olacağını bildirib.
İnstitutun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov tələbələrin daha yaxşı təhsil alması üçün ali təhsil müəssisəsində yaradılan şəraitdən söhbət açıb, həmçinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edilib ki, institut kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişməsi istiqamətində səylə çalışır.
Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatında ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, müəssisənin fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.
Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər