Azərbaycan İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu maarifləndirmə tədbirlərinə başlayıb Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb.
İnstitutun ilk tədbiri Xəzər rayonunda olub. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin daha da inkişafı üçün aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
G.Qurbanov Aİİ-nin yeni binasının açılış mərasiminə diqqət çəkərək bildirib ki, təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, onların müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti və qarşıda duran hədəfləri barədə geniş məlumat verib. O, institutun yeni binasının açılış mərasiminin keçirildiyini qeyd edərək, Prezident İlham Əliyevin bu mərasimdə iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb. M.Mürsəlov diqqətə çatdırıb ki, institutun yeni binasında tələbələr üçün hər cür şərait yaradılıb.
Prorektor qeyd edib ki, instituta qəbul olunmuş hər bir gənc dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. O, həmçinin tələbələrin yemək pulu ilə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkil olunacağını deyib. Prorektor tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında ətraflı məlumat verib.
Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova çıxış edərək ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, mövcud ixtisaslar, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.
Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər