Azərbaycan İlahiyyat İnstitutu Biləsuvarda abituriyentlərlə görüş təşkil edib

Azərbaycan İlahiyyat İnstitutu Biləsuvarda abituriyentlərlə görüş təşkil edib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali məktəbə yüksək intellektə malik gənclərin cəlb olunması məqsədilə respublikanın bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərini davam etdirir.
İnstitutun kollektivinin növbəti səfəri Biləsuvar rayonuna olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov abituriyentlərə qarşıya qoyulan məqsədə çatmaq üçün səylə çalışmağı tövsiyə edib. O, müstəqil Azərbaycanın son illərdə qazandığı nailiyyətləri, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına yönələn siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün elmin, təhsilin maddi-texniki bazası sürətlə inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalarla təmin olunur.
Aİİ rəhbəri ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini deyib. Bunun ən bariz nümunəsinin Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib.
İnstitutun ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şəraitdən söhbət açıb. Bildirib ki, ali təhsil ocağında tələbələrin bilikli, savadlı, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri, onların dinin mahiyyətini və əsaslarını, milli-mənəvi dəyərlərimizi öyrənmələri istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
M.Mürsəlov institutda qarşılıqlı etimada əsaslanan müəllim-tələbə münasibətlərinin hökm sürdüyünü bildirib. Deyib ki, institutun kollektivi tədrisin keyfiyyətinin və tələbələrin tədrisə marağının artırılması, onların fənlər üzrə bilik və bacarıqlarının inkişafı, müəllimlərin gündəlik fəaliyyətinə yaradıcı yanaşmaları istiqamətində daim çalışır.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Hər bir tələbənin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.
Sonra Aİİ-nin tanıtım videoçarxı, institutun ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş olunub.
Görüşün sonunda abituriyentlərin sualları cavablandırılıb.

Aİİ-nin Mətbuat Xidməti




Oxşar xəbərlər