Özbəkistan nümayəndə heyəti Dövlət İdarəçilik Akademiyasında olub

Özbəkistan nümayəndə heyəti Dövlət İdarəçilik Akademiyasında olub Ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
Görüşün məqsədi dövlət idarəçiliyi sahəsində təhsil alan, dövlət qulluqçularının ixtisasının artırılması üzrə fəaliyyətin öyrənilməsi, milli kadr ehtiyatının formalaşdırılması, habelə dövlət idarəçiliyi sahəsində təhsilin müxtəlif pillələrinin davamlılığının təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qabaqcıl təcrübəsini öyrənmək və bu sahədə fikir mübadiləsi aparmaqdır.
Nümayəndə heyətini qəbul edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Ümummilli Lider tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor ölkəmizdə tətbiq edilən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyalarının yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 il işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının uğuru kimi dəyərləndirib.
Rektor ölkəmizdə çevik dövlət idarəetmə sisteminin formalaşdırılması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafına da diqqət çəkib.
Akademik U.Ələkbərov ölkəmizdə kadr potensialının gücləndirilməsi məqsədilə yüksəkixtisaslı kadrların hazırlanması, dövlət qulluğu sistemində çalışan gənclər üçün ixtisasartırma kurslarının təşkili, gənc kadrların könüllülük proqramlarında iştirakı, onların praktik təcrübə əldə etmələrini dəstəkləmək istiqamətində əməkdaşlıq və digər məsələlər barədə məlumat verib.
Nümayəndə heyəti Dövlət İdarəçilik Akademiyasında təlim və tədris prosesi ilə tanış olub, rəhbər dövlət qulluqçularının ixtisasının artırılması istiqaməti üzrə proqramların icrası barədə təqdimatı dinləyiblər.
Görüşdə Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının baş müfəttişi Akmal Səfərbəyeviç Əzizov, Dövlət Qulluğunun İnkişafı Agentliyin Kadrların idarə olunması şöbəsinin müdiri İlham Jumakuloviç Qurbanov, Dövlət orqanlarında və təşkilatlarında kadrlarla işin əlaqələndirilməsi şöbəsinin müdiri Abbas Aşrapoviç Əkrəmov, Dövlət qulluqçularının hüquqlarının müdafiəsi və onlara şərait yaradılması şöbəsinin müdir müavini Şuxrat Muratoviç Mamadjanov, Milli kadrlar ehtiyatı ilə iş şöbəsinin baş inspektoru Timur Qənijanoviç Abdullayev iştirak ediblər.
Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi Özbəkistanın dövlət orqanlarında və təşkilatlarında insan resurslarının inkişafı və kadrların idarə edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə məsul orqandır.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər