Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans: “Dövlət qulluğunun aktual problemləri” YENİLƏNƏCƏK

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans: “Dövlət qulluğunun aktual problemləri” YENİLƏNƏCƏK Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluqçularının peşə bayramı günü”nə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfrans “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Prezident Administrasiyası rəhbərinin “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfrans “Dövlət qulluğunun aktual problemləri” mövzusuna həsr edilib.
Konfransı giriş sözü ilə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov və DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov açıb.
Akademik Urxan Ələkbərov giriş nitqində Azərbaycanın qısa müddətdə inklüziv və davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu bildirib. Vurğulayıb ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Akademik U.Ələkbərov qeyd edib ki, ölkənin qazandığı uğurların əsasında insan potensialının formalaşması, idarəedilməsinə elmi yanaşma əsas yer tutur.
Elmi-praktik konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov qeyd edib ki, Azərbaycan Respublikası praqmatik, gələcəyin hədəflərini çox düzgün seçməyi bacaran, özünü uzaqgörən siyasətçi kimi təsdiq etmiş Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi islahatlarla çoxlarını heyrətə salıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərin əsas səbəbini ulu öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiləşməsinə yönəldilmiş siyasətinin onun layiqli varisi İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirilməsində, bu siyasətin mütəmadi olaraq müasir dövrün çağırışlarına uyğun surətdə yeni ideyalar və konsepsiyalarla zənginləşdirilməsində axtarmaq lazımdır. Məhz bu siyasət nəticəsində son 15 ildə ölkənin iqtisadi potensialı və müdafiə qüdrəti dəfələrlə artıb.
Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü S.İsmayılov vurğulayıb ki, iqtisadi nailiyyətlərimiz ölkəmizin müdafiə qüdrətini getdikcə artıracaq və Qarabağa böyük qayıdışın sürətli davamı təmin ediləcək, bütün bunların nəticəsində Azərbaycan dövlətinin nüfuzu daha da möhkəmlənəcək.
Daha sonra Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov giriş nitqində dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan bəhs edib. Bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir. Bu sahədə Dövlət İmtahan Mərkəzinin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və səmərəli əsaslarla aparmaqdan ibarətdir.
Daha sonra elmi-praktik konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan Respublikasının innovativ təcrübəsi beynəlxalq təşkilatların sənədlərində” adlı məruzə ilə çıxış edib.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən akademik U.Ələkbərov ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən U.Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını vurğulayıb. Eyni zamanda, dövlət qulluğu üçün kadr potensialının gücləndirilməsinin ölkədə inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcəyini əminliklə bildirib.
Məruzədə beynəlxalq təşkilatların 2018-2019-cu illərdə dərc edilən rəsmi statistik məlumatları təhlil olunub. Eyni zamanda, Dünya İqtisadi Forumunun təsisçisi və fəxri prezidenti Klaus Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Bildirilib ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə olunub. Azərbaycan bu baxımdan iqtisadi göstəriciləri daha üstün ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi ölkələri geridə qoyub.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq vəziyyətindədir.
Konfrans iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb. Sözügedən texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlət başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində Davos İqtisadi Forumunun 2018-ci ilin yanvarında dərc olunan hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və bənzər təqdirəlayiq nəticələrin ölkənin səmərəli idarə olunması və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verdiyi vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər