AMEA-da Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının vitse-prezidenti ilə görüş olub

AMEA-da Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının vitse-prezidenti ilə görüş olub AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) vitse-prezidenti, şuranın nəzdindəki Mərmərə Araşdırma Mərkəzinin direktoru professor Əhməd Yozgatlıgil ilə görüşüb.
Görüşdə akademik Arif Həşimov “TEKNOFEST”in Türkiyədən kənarda ilk dəfə ölkəmizdə keçirildiyini və qardaş dövlətin son illərdə əldə etdiyi texnoloji nailiyyətlərin xalqımız tərəfindən rəğbətlə qarşılandığını deyib. Qeyd edib ki, qardaş Türkiyənin XXI əsrin ən son elmi-texnoloji yenilikləri olan pilotsuz uçuş aparatlarının ilk praktiki tətbiqi 44 günlük Vətən müharibəsində baş tutdu və Qələbəmizin əldə olunmasına misilsiz töhfə verdi. Akademik bildirib ki, dünya hərb tarixində ilk dəfə olaraq, yüksək texnologiyalardan istifadə etməklə belə bir müharibə aparılırdı və bütün dünya əldə edilmiş nəticələrin şahidi oldu.
Arif Həşimov Milli Elmlər Akademiyasının TÜBİTAK-la elmi-texnoloji sahədə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib, birgə fəaliyyət proqramının hazırlanmasının vacibliyini vurğulayıb.
TÜBİTAK-ın vitse-prezidenti professor Əhməd Yozgatlıgil ölkəmizə səfəri çərçivəsində Şuşanı ziyarət etdiyini və Azərbaycan Ordusunun çətin relyefə malik qədim şəhərimizi düşmən işğalından azad edərkən göstərdiyi şücaətdən duyğulandığını bildirib. Bu gün müasir texnologiyaların inkişaf etdirilməsinin dövlətlərin müstəqilliyinin vacib faktorlarından biri olduğunu deyən TÜBİTAK rəsmisi Türkiyənin bu istiqamətdə məruz qaldığı embarqolardan sonra Milli Texnologiya Həmləsi çərçivəsində özünün yeni texnologiyalarını yaratdığını söyləyib. Qeyd edib ki, əldə edilən uğurların kökündə hər şeydən əvvəl elmdə qazanılan nailiyyətlər, fizika, kimya, riyaziyyat və digər sahələrdəki tədqiqatlar dayanır.
Əhməd Yozgatlıgil məlumat verib ki, Mərmərə Araşdırma Mərkəzinin əsası 1972-ci ildə qoyulub və başlıca olaraq, təbiət elmləri, iqlim dəyişikliyi və davamlılıq, enerji texnologiyaları, həmçinin materialşünaslıq istiqamətlərində tədqiqatlar aparılır. Qeyd edib ki, qurumun tərkibində Ətraf Mühit və Təmiz İstehsalat İnstitutu, Enerji İnstitutu, Gen Mühəndisliyi və Biotexnologiya İnstitutu, Qida İnstitutu, Kimya Texnologiyası İnstitutu, Qütb Araşdırmaları İnstitutu, Materialşünaslıq İnstitutu, eləcə də Yer və Dəniz Elmləri İnstitutu və ümumilikdə 81 laboratoriya fəaliyyət göstərir. Bundan əlavə, qurumun bir çox sahələrdə Mükəmməllik mərkəzləri fəaliyyət göstərir, Mərkəz Türkiyənin ali təhsil müəssisələri və sənaye obyektləri ilə birgə tədqiqatlar aparır və nəticədə bu günə kimi 144 patent əldə edilib.
TÜBİTAK-ın vitse-prezidenti yeni texnologiyaların yaradılması, quraqlığa davamlı ərzaqlıq buğda sortlarının yetişdirilməsi və digər istiqamətlərdə Milli Elmlər Akademiyası ilə əməkdaşlığa hazır olduqlarını söyləyib, AMEA rəhbərliyini Mərmərə Araşdırma Mərkəzinin 50 illiyi münasibətilə Türkiyəyə dəvət edib.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova TÜBİTAK-la əməkdaşlıq əlaqələrinin 2016-cı ildən başladığını, baş direktoru olduğu Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun həmin il AMEA ilə TÜBİTAK tərəfindən birgə elan edilmiş layihə müsabiqəsinin qalibi olduğunu bildirib. Həmçinin rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələrində quraqlığa davamlı ərzaqlıq buğda sortlarının yetişdirilməsi, respublikanın qida təhlükəsizliyinin təmin olunması, insan sağlamlığı, virus xəstəlikləri və digər sahələrdə önəmli tədqiqatların aparıldığını vurğulayıb. Bununla yanaşı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Türkiyədə koronavirusa qarşı vaksinlərin hazırlanmasında yaxından iştirak etdiyini, onun tərəfindən hazırlanan vaksinin Ümumdünya Səhiyyə Təşkilatının siyahısına salındığını deyib. Akademik İradə Hüseynova qida texnologiyaları, neyrobiologiya, bioloji aktivlik, vaksinlərin hazırlanması, həyat elmləri və s. sahələrdə Mərmərə Araşdırma Mərkəzi ilə əməkdaşlığa hazır olduqlarını söyləyib.
AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurası sədrinin müavini akademik Fəxrəddin Qədirov ölkəmizdə müvafiq sahənin güclü inkişaf etdiyini və neft ölkəsi kimi tanınan Azərbaycanda ötən əsrdə neftin geoloji-kəşfiyyat işlərində bölmənin alimlərinin yaxından iştirak etdiyini bildirib. Həmçinin bölmədə seysmik tədqiqatların yüksək səviyyədə olduğunu, Respublika Seysmoloji Xidmət Mərkəzinin dünyanın bir çox aparıcı qurumları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bundan əlavə, GPS ölçmələri sahəsində İstanbul Universiteti ilə əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. F.Qədirov torpaq sürüşməsi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin sahəsi boyunca geodinamik hadisələrin öyrənilməsi və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını deyib.
Görüşdə, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva çıxış edərək AMEA ilə TÜBİTAK arasında əməkdaşlıq əlaqələrinin 2013-cü ildən başladığını və birgə 3 müsabiqənin elan olunduğunu deyib. O, ildən-ilə TÜBİTAK-ın müsabiqələrinə təqdim edilən layihələrin sayının artdığını söyləyib. E.Əlirzayeva hazırda TÜBİTAK-la müştərək icra edilən 3 layihənin bitdiyini, 3 layihənin davam etdiyini, 3 layihənin isə yeni seçildiyini diqqətə çatdırıb. Bundan əlavə, TÜBİTAK-ın ekspertlər bazasının (PYS) AMEA-nın istifadəsinə açıldığını və PYS-dən istifadə üzrə ilkin təlimlərin keçirildiyini deyib. Qeyd edib ki, alimlərimiz bazada qeydiyyatdan keçməklə bir çox beynəlxalq layihələrin qiymətləndirilməsində ekspert qismində çıxış edə biləcəklər. Həmçinin türkiyəli alimlərin Avropa İttifaqının “Horizon” proqramlarının çoxsaylı layihələrində aktiv iştirak etdiyini, Azərbaycan və Türkiyə alimlərinin bu proqrama birlikdə layihə müraciətlərinin hazırlanması imkanlarını diqqətə çatdırıb.
Tədbirdə Fizika İnstitutunun əməkdaşları Təranə Nurubəyli, Şəfəq Əhədzadə, Ülkər Səmədova, Polimer Materialları İnstitutunun əməkdaşları kimya elmləri doktoru Kazım Quliyev və professor Nəcəf Qəhrəmanov çıxış edərək apardıqları tədqiqatlardan danışıb, təkliflərini səsləndiriblər.
Sonda akademik Arif Həşimov TÜBİTAK rəsmiləri ilə belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər