Alimlər Avropa Komissiyasının COST proqramı üzrə maarifləndirilib

Alimlər Avropa Komissiyasının COST proqramı üzrə maarifləndirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçirilib.
Seminarı Beynəlxalq əlaqələr idarəsinin rəisi, dosent Esmira Əlirzayeva açaraq “Elmdə beynəlxalq əməkdaşlığın vəziyyəti: nailiyyətlər və çağırışlar” mövzusunda təqdimatla çıxış edib. E.Əlirzayeva bu gün Azərbaycan elminin bir çox meqalayihələrdə təmsil olunduğunu deyib, hazırda AMEA ilə Bolqarıstan Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, İtaliya Milli Tədqiqat Şurası (CNR), Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Belarus Dövlət Elm və Texnika Komitəsi, Rusiya Fundamental Tədqiqatlar Fondu və digər qurumlar arasında sıx əməkdaşlıq əlaqələri olduğunu söyləyib.
O, COST, “Horizon 2020” və digər proqramların alimlərimizin dünya elminə çıxmasına və öz imkanlarını göstərməsinə geniş imkan yaratdığını söyləyib, bu cür seminarların onların inkişafına təkan verəcəyini bildirib. Azərbaycan alimlərinin 2014-2018-ci illər üzrə “Web of Science” elmmetrik bazasında nəşr dinamikasını nümayiş etdirən idarə rəisi bu istiqamətdə artım tempinin müşahidə olunduğunu diqqətə çatdırıb. Mövcud problemlərə də toxunan E.Əlirzayeva dil, təcrübəsizlik, uğursuzluq qorxusu və s. amillərin gənc alimlərin beynəlxalq layihələrdə aktiv iştirakına əngəl olduğunu deyib. O, daha sonra Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında, eləcə də respublikanın ali təhsil ocaqlarında keçirilən seminarlar barədə iştirakçılara məlumat verib.
Tədbirdə, həmçinin COST Assosiasiyasının nümayəndəsi Judith Litjens təşkilatın maliyyə imkanları barədə təqdimatla çıxış edib. O, 1971-ci ildən fəaliyyət göstərən qurumun alimlərə öz innovativ tədqiqatlarını həyata keçirmələri üçün geniş imkanlar açdığını söyləyib. COST-un tədqiqat istiqamətlərinə dair alimlərdən təkliflər qəbul etdiyini deyən J.Litjens layihələrə ayrılan maliyyənin 4 illik qrant əsasında verildiyini vurğulayıb. O, həmçinin layihələrə qoşulma, müraciətlərin hazırlanması barədə məlumat verib.
Seminarda Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşı, milli koordinator İlham Hümbətov “Azərbaycanlı tədqiqatçılar üçün şəbəkə əməkdaşlığının əhəmiyyəti və COST-un rolu”, Səhiyyə Nazirliyinin nümayəndəsi, milli koordinator Nabil Seyidov “COST-un fəaliyyəti: azərbaycanlı iştirakçının perspektivi” və COST-un Elm Komitəsinin üzvü Krzysztof Gulda “Elm və Texnologiyada Avropa Əməkdaşlığı beynəlxalq əməkdaşlıq üçün addım kimi” mövzusunda təqdimatla çıxış ediblər.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, respublikanın ali təhsil, eləcə də elmi-tədqiqat mərkəzlərinin, həmçinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər