Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın təşkilatçılığı ilə beynəlxalq elmi seminar təşkil edilib

Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın təşkilatçılığı ilə beynəlxalq elmi seminar təşkil edilib Türkiyənin Dokuz Eylül Universiteti və AMEA-nın birgə təşkilatçılığı ilə 5 elm sahəsini (biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri) əhatə edən ikitərəfli beynəlxalq onlayn elmi seminar keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Dokuz Eylül Universiteti Fənn fakültəsinin dekanı professor Aylin Alın Türkiyə və Azərbaycan arasında tarixən mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin bütün istiqamətlər üzrə əldə olunan nailiyyətlərdə özünü göstərdiyini diqqətə çatdırıb.
Aylin Alın seminarın ölkələrimiz arasında elmi əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, elmi problemlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Seminarın fəxri sədri, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli çıxış edərək akademiyanın dünyanın bir çox ali məktəbləri, xüsusilə Türkiyə universitetləri ilə geniş əməkdaşlıq əlaqələri barədə məlumat verib.
AMEA-nın vitse-prezidenti Türkiyənin bütün istiqamətlərdə hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib. Bildirilib ki, İkinci Qarabağ müharibəsinin ilk günündən indiyə qədər Türkiyə Respublikası Prezidenti bütün dünyaya mesajları, birmənalı və sərt açıqlamaları ilə Azərbaycana əlavə güc verib. Bu, qardaşlığımızın əbədiliyinin daha bir təzahürüdür.
Akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə alimlərinin dünya miqyasında elmi tədqiqatlar aparmaq potensialına malik olduğunu deyib, biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri sahələrini əhatə edən ikitərəfli elmi seminarda müzakirə olunan mövzular üzrə yüksək nəticələrin əldə olunacağına əminliyini bildirib. O, elmi seminarın bir neçə il öncə Dokuz Eylül Universiteti ilə AMEA arasında imzalanmış əməkdaşlıq protokolunun icrası istiqamətində atılan ilk addım olduğunu bildirib.
Vitse-prezident iki ölkə qarşısında yeni üfüqlər açan, yeni vəzifələr qoyan elmi seminarın Azərbaycan və Türkiyə arasında min illər ərzində davam edən qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə elmi dəstək göstərəcəyini, birgə layihələrin həyata keçirilməsinə töhfələr verəcəyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbirin Azərbaycan və türk dünyası üçün əlamətdar bir dövrə - işğalçı Ermənistan üzərində qazanılmış tarixi Zəfərin birinci ildönümü günlərinə təsadüf etdiyini deyib. O, Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə mənəvi dəstəyini vurğulayıb.
Akademik İradə Hüseynova qeyd edib ki, Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. Alim deyib: “Türkiyənin elm və təhsil müəssisələri ilə birgə bir neçə mühüm beynəlxalq və regional tədbir gerçəkləşdirilib. Müvafiq tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda, gələcək əməkdaşlığa təkan vermək bu tədbirlərin ana xəttini təşkil edib”.
AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, bu gün canlı həyatın və ətraf mühitin öyrənilməsinə ən müasir elmi-texnoloji yanaşmaların tətbiqi, informasiya texnologiyaları, fiziki, kimyəvi və bioloji proseslərin modern riyazi və kompüter modelləşdirmələri, maşın öyrənməsi və süni intellekt, molekulyar biologiya, gen redaktəsi, bio- və nanotexnologiyalar, mikro- və neyrobiologiya və digər sahələrdə tədqiqatların daha da dərinləşdirilməsi dövrün tələbidir. İki qardaş ölkənin alimlərinin fəal iştirakı həm dövlətlərimizin inkişafı, həm də dünya elminə mühüm töhfələr verilməsində birgə fəaliyyətlərin səmərəliliyi baxımından olduqca vacibdir.
Akademik İradə Hüseynova seminarın bir sıra yeni elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Dokuz Eylül Universitetinin rektor köməkçisi Uğur Malayoğlu Türkiyə və Azərbaycanın sarsılmaz ortaq dəyərlərə malik olduğunu bildirib, ölkələrimiz arasındakı münasibətlərin dəfələrlə tarixin ağır sınaqlarından uğurla keçdiyini diqqətə çatdırıb. O, elmi seminarda təqdim olunan məruzələrin biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri istiqamətləri üzrə mühüm perspektiv vəzifələrin həyata keçirilməsində böyük rola malik olduğunu vurğulayıb, tədbirin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sonra tədbirdə biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri sahələrinin hər biri üzrə 2 məruzə AMEA-dan, 2 məruzə Dokuz Eylül Universitetindən olmaqla 4, ümumilikdə 20 məruzə dinlənilib.
Qeyd edək ki, elmi seminarın sədrləri Dokuz Eylül Universitetinin Fənn fakültəsinin dekanı professor Aylin Alın və AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovadır. Fəxri sədrləri isə Dokuz Eylül Universitetinin rektoru professor Nüket Hotar və AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylidir.

Tehsil-press.az


Oxşar xəbərlər