Təhsil Nazirliyinin əməkdaşları üçün seminar-təlim təşkil olunub

Təhsil Nazirliyinin əməkdaşları üçün seminar-təlim təşkil olunub Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda seminar-təlim keçirilib. Seminar Təhsil Nazirliyinin əməkdaşları üçün təşkil olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov büdcədən ayrılan vəsaitin səmərəli istifadəsini təmin etmək üçün dövlət satınalmalarının optimal və düzgün təşkil olunmasının vacibliyini vurğulayıb. Seminarın keçirilməsində əsas məqsədin qurumlara ayrılan vəsaitin səmərəli istifadəsinin satınalma ilə bağlı qaydalara uyğunluğunun öyrədilməsindən, mövcud qanunvericilikdəki dəyişikliklərin iştirakçıların diqqətinə çatdırılmasından ibarət olduğunu deyib. Firudin Qurbanov bildirib ki, satınalma zamanı ilk növbədə dövlət mənafeyi qorunmalı, vəsait səmərəli istifadə olunmalı, dövlətin gələcək inkişafını təmin edən üsullarla həyata keçirilməlidir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli rəqabət mühitinin formalaşmasının iqtisadi baxımdan səmərəliliyin artmasındakı rolundan danışıb.
Antiinhisar Xidmətinin əsas fəaliyyət istiqamətlərini sadalayan Məmməd Abbasbəyli bildirib ki, bu cür maarifləndirici seminarların mütəmadi təşkili nəzərdə tutulur. Təlim proqramı ötən il ərzində dövlət satınalmaları sahəsi üzrə ləğv edilən protokollar və daxil olan müraciətlərin təhlili əsasında prioritetlər müəyyənləşdirilərək hazırlanıb.
Təlim “Dövlət satınalmalarının planlaşdırılması”, “Satınalmaların təşkili”, “Satınalma metodları”, “İddiaçıların ixtisasına dair tələblər”, “Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi”, “Satınalmanın nəticələri”, “Satınalma müqaviləsinin bağlanması və idarə olunması” və “Şikayətlərin verilməsi və mübahisəli məsələlərin həlli” mövzularını əhatə edib.
Təhsil Nazirliyinin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi seminarda satınalan təşkilatlar arasında mübahisəli məsələlərin həlli ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər