AzTU-da Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar keçirilib

AzTU-da Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) üzv olduğu Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyətinin iştirakı ilə “Su və enerji təhlükəsizliyi və BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il gündəliyi” mövzusunda seminar keçirilib.
Seminar Qara Dəniz Universitetlər Şəbəkəsinin təşkilatçılığı ilə AzTU-da ingilis dilində təşkil olunub.
Tədbirdə rektor Vilayət Vəliyev, Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden Mamut, Davamlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi Fibi Kunduri, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Mərkəzinin müdiri Aynurə İsmayılova, Kimya texnologiyaları, təkrar emal və ekologiya kafedrasının professoru Miryusif Mirbabayev təqdimatla çıxış ediblər. Yunanıstanın Saloniki Aristotel Universitetinin professoru Nikolaos Teodossiu və Qrigoris Zarotiadis, Davamlı İnkişaf Həlləri Şəbəkəsinin nümayəndəsi Andrija Erac, Ukraynanın Zaporojye Politexnik Milli Universitetinin professoru Sergey Belikov mövzu üzrə fikirlərini bildiriblər.
Tədbirdə “XXI əsr üçün dayanıqlı, əlçatan və davamlı enerji sistemləri”, “Dayanıqlı inkişaf hədəfləri və universitet –sənaye işbirliyi: çağırışlar və qərar qəbuletmə”, “Su və enerji resurslarının ekoloji ölçüləri”, “Enerji strategiyası və Xəzər dənizində neft və qaz hasilatı” mövzularında təqdimatlar edilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.
Seminarda AzTU-nun Davamlı İnkişaf Həlləri Şəbəkəsinə üzv olmaq istəyi diqqətə çatdırılıb və bununla bağlı işlərə başlanılması haqqında razılığa gəlinib.
Qeyd edək ki, AzTU 1992-ci ildən Qara Dəniz Universitetlər Şəbəkəsinin üzvüdür və hazırda müxtəlif istiqamətlərdə əməkdaşlığını davam etdirir.

Tehsil-press.az



Oxşar xəbərlər