ADA Məktəbində “Məzun günü” keçirilib

ADA Məktəbində “Məzun günü” keçirilib ADA Məktəbində “Məzun günü” keçirilib.
Məktəbdə 2021-2022-ci tədris ili üzrə təhsil alan 264 şagird məzun adını qazanıb. Ümumilikdə ADA Məktəbində 510 şagird təhsil alır.
“Məzun günü” tədbirində məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal çıxış edərək şagirdləri təbrik edib, onların ADA Məktəbində təhsil aldıqları dövr ərzində əldə etdiyi uğurlarından bəhs edib. Vəfa Kazdal məzunlara ölkəmizi şərəflə təmsil etməyi tövsiyə edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə şagirdlər fərqli janrlarda musiqilər səsləndirib, əyləncəli rəqslərlə çıxış ediblər.
“Məzun günü”nün sonunda sülh rəmzi olan göyərçinlər səmaya buraxılıb. Tədbir mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyətə başlayan ADA Məktəbində tədris proqramı Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumuna və ADA Universitetinin təcrübəsinə əsaslanır.
ADA Məktəbində təhsilini uğurla başa vuran məzunlar xüsusi şərtlərlə və müvafiq qaydalar əsasında ADA Universitetinə qəbul edilirlər.
Müasir təhsil modelini əsas tutaraq cəmiyyətə savadlı mütəxəssis və ləyaqətli vətəndaş yetişdirən ADA Universiteti üçün keyfiyyətli təhsil əsas meyardır. Bakalavr səviyyəsinə qəbul olunan tələbələrin hazırlığı və yeni təhsil mühitinə çətin adaptasiya olduqları nəzərə alınaraq ADA Məktəbi təsis edilib. Məktəbin tədris proqramı şagirdlərin akademik baxımdan universitet illərinə daha hazırlıqlı olmaları ilə yanaşı, XXI əsrin tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına xüsusi yer ayırır. Məqsəd, həmçinin Azərbaycanda və xaricdə istənilən nüfuzlu ali məktəbə qəbul ola bilən savadlı, bacarıqlı gənclər yetişdirməkdir.
Qeyd edək ki, ADA Məktəbinin binası yüksək standartlara cavab verən infrastruktura malikdir.
ADA Məktəbi ən yüksək səviyyədə təhsillə yanaşı, eyni zamanda, beynəlxalq səviyyəli tədbirlərə (məsələn, Birləşmiş Millətlər Təşkilatı Modeli Konfransı) ev sahibliyi edir. Belə tədbirlər məktəblilərin dünyagörüşünün formalaşmasında, şəxsiyyət kimi yetişməsində, sabaha hazır olmasında mühüm əhəmiyyət daşıyır.

Tehsil-press.az


Oxşar xəbərlər