Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd edək ki, Milli Aviasiya Akademiyasının da dörd məzunu Vətən müharibəsində şəhid olub.
Tədbirdə çıxış edən Akademiyanın birinci prorektoru professor Ədalət Səmədov “Məzun günü”nə gəlmiş qonaqları təqdim edib və iştirakçılara Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin salamlarını çatdırıb.
Birinci prorektor çıxışında Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Azərbaycan torpaqlarını işğaldan azad etməsindən və bu ərazilərdə sürətlə aparılan bərpa və yenidənqurma işlərindən, tikilən beynəlxalq hava limanlarından söz açıb. O, məzunların görülən işlərə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Akademiyanın tarixinə nəzər salan professor Ədalət Səmədov buranın 1990-cı ildə Milli Aviasiya Mərkəzi kimi yaradıldığını, 1994-cü ildə “Milli Aviasiya Mərkəzi” Milli Aviasiya Akademiyası adlandırıldığını xatırladıb. Diqqətə çatdırıb ki, akademiyaya 1996-cı ildən akademik Arif Paşayev rəhbərlik edir. Bu müddət ərzində Milli Aviasiya Akademiyası şərəfli inkişaf yolu keçib. Tələbələrin sayı ildən-ilə artır. Əvvəllər bir–iki ixtisas olduğu halda, hazırda bakalavriat üzrə 21, magistratura üzrə 17, doktorantura üzrə 10 ixtisas tədris edilir.
Professor Ədalət Səmədov vurğulayıb ki, 2021-2022-ci tədris ili bir sıra əlamətdar hadisələrlə yadda qalıb. “TEKNOFEST Azərbaycan” festivalında Milli Aviasiya Akademiyasının komandaları 2 nominasiyada - “Planer” və “Pilotsuz uçuş aparatları” yarışmalarında uğurla iştirak edərək I yeri, “CanSat” yarışmasında isə II yeri tutublar.
Bu tədris ilində Milli Aviasiya Akademiyasında 1352 nəfər bakalavriat, 59 nəfər magistratura səviyyəsi üzrə təhsil alıb. Akademiyadan 396 nəfər bakalavr, 47 nəfər magistr məzun olur. Bakalavrlardan 50-si, magistrlərdən 27-si təhsili fərqlənmə diploma ilə başa vurur.
Diqqətə çatdırılıb ki, Milli Aviasiya Akademiyasının məzunları Azərbaycanda, həm də xarici ölkələrin aviaşirkətlərində çalışırlar. Akademiya ali təhsillə yanaşı, peşə ixtisas, orta ixtisas təhsilində də məzunlar yetişdirir.
Tədbirdə Milli Aviasiya Akademiyasının tarixinə dair fotoslaydlar, müasir dövrü haqqında videoçarx nümayiş olunub.
Qeyd edək ki, Akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Mülki aviasiyanı bütün istiqamətlər üzrə beynəlxalq tələblərə cavab verən milli kadrlarla təmin etməkdə Akademiya misilsiz rol oynayır.
Bu nüfuzlu təhsil və elm ocağının fəaliyyətinin əsas istiqamətlərindən biri isə hazırkı dövr üçün xüsusi aktuallıq kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasıdır.
Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərcik salınıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məzunların qalib xalqın övladları olduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin bütün sahələrdə inkişafın əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Nazir müavini Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirən məzunların sayının yüksək olmasını xüsusi qeyd edib. O, akademik Arif Paşayevin uzaqgörənliyi sayəsində burada təlim-tədrisin yüksək səviyyədə aparıldığını, maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb.
Firudin Qurbanov diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ölkələrdə ən yüksək səviyyədə infrastruktur layihələri həyata keçirilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Burada gənclərin fəaliyyətinə ehtiyac olacaq. Ölkəmizdə gənclərin təhsilinə xüsusi diqqət ayrılır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsini nəzərdə tutur. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin böyük hissəsi magistratura səviyyəsini əhatə edəcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxışında əmək bazarının tələblərindən söz açıb. O, Akademiyanın məzunlarına daim öz üzərində işləməyi, ömürboyu öyrənməyi, yenilikçi və azad təfəkkürə malik olmağı tövsiyə edib, məzunların dövlətimizə uğurla xidmət edəcəyinə əminliyini bildirib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında məzunların müstəqil həyatının uğurlu olmasını arzu edib. O, Milli Aviasiya Akademiyasında tədrisin yüksək səviyyədə təşkil edildiyini və bu işdə rektor akademik Arif Paşayevin xüsusi əməyi olduğunu vurğulayıb. Misir Mərdanov gənclərin Azərbaycan tarixini, eləcə də müstəqillik tarixini dərindən bilməyin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov məzunlara məqsədlərinə doğru inamla irəliləməyi, özlərində dəyərlər formalaşdırmağı tövsiyə edib. Diqqətə çatdırıb ki, Vətənə sevgi, valideynlərə diqqət və qayğı, insanlara kömək etmək ən mühüm dəyərlərdir. Bu dəyərləri formalaşdıran ən yaxşı müəllim isə insanın özüdür.
Xalq şairi Nəriman Həsənzadə akademik Arif Paşayevin rəhbəri olduğu professor-müəllim kollektivinin fəaliyyətini yüksək qiymətləndirib, məzunlara uğurlar arzulayıb, öz şeirini oxuyub.
Tədbirdə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının bakalavr məzunu Aytən Cəlilova, Hava nəqliyyatı fakültəsinin uçuş mühəndisliyi ixtisasının bakalavr məzunu Fərhad Kərimov, Hava nəqliyyatı fakültəsinin hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisasının bakalavr məzunu Səbinə İbadova, Cihazqayırma mühəndisliyi ixtisasının magistr məzunu Orxan Əliyev tədrislə bağlı təəssüratlarını bölüşüblər. Onlar Akademiyada tədris üçün yüksək səviyyədə şərait yaradıldığını və tələbələrin dəstəkləndiyini vurğulayıb, müəllimlərinə təşəkkürlərini bildirib, tələblərə tövsiyələrini veriblər.
Valideynlər adından çıxış edən Zümrüd Hümbətova hər kəsi təbrik edib.
Sonra məzunlara sertifikatlar təqdim olunub.
“Məzun günü” bədii proqramla davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər