Azərbaycan Texniki Universitetində “Məzun günü”

Azərbaycan Texniki Universitetində “Məzun günü” Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü” keçirilib.
Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub.
COVID-19 pandemiyası davam etdiyindən “Məzun günü” xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Rektor Vilayət Vəliyev bildirib ki, pandemiya şəraiti olduğu üçün tədbirə yalnız ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar dəvət edilib.
Məlumat verilib ki, bu il universiteti 1465 nəfər bakalavriat, 288 nəfər isə magistratura səviyyəsində bitirib. Bakalavrlardan 23, magistrlərdən isə 140 nəfər fərqlənmə diplomuna layiq görülüb. Builki məzunlar arasında 44 günlük Vətən müharibəsi iştirakçılarının olduğunu diqqətə çatdıran rektor torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlara görə onlara təşəkkür edib.
Rektor vurğulayıb ki, AzTU tələbələri hər zaman vətənpərvərlik hisslərinin yüksək olması ilə fərqlənib. Vətən müharibəsində universitetin 250-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 28 nəfəri şəhidlik zirvəsinə ucalıb.
V.Vəliyev son illər AzTU-da təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən də danışıb. Qeyd edib ki, yaxın vaxtlarda AzTU regionun ən inkişaf etmiş universitetləri sırasında olacaq.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Rüfət Quliyev və Etibar Əliyev, “Bestcomp Group”un İdarə Heyətinin sədri Rauf Həsənov, AzTU-nun elm və innovasiya üzrə prorektoru Çetin Elmas məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.
Məzunlar adından çıxış edən Energetika və avtomatika fakültəsinin məzunu Ayxan Qurbanov onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra universiteti fərqlənmə ilə bitirən məzunlara fəxri fərmanlar, “Bestcomp Group” şirkətinin rəhbərliyi adından qazilərə hədiyyələr təqdim olunub.
Tədbir Xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun ifası ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər