Bəxtiyar Nəbiyev: Azərbaycan Ümummilli Liderin ilk dəfə hakimiyyətə gəlişi ilə tərəqqi yoluna qədəm qoydu

Bəxtiyar Nəbiyev: Azərbaycan Ümummilli Liderin ilk dəfə hakimiyyətə gəlişi ilə tərəqqi yoluna qədəm qoydu XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikamız iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu iyulun 14-də ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldi. Məqsəd isə Azərbaycanı ağır vəziyyətdən, uzunmüddətli gerilikdən, böhrandan çıxarmaq idi. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran bir çox problemləri həll etmək, nöqsanları, sosial-iqtisadi geriliyi aradan qaldırmaq ulu öndər Heydər Əliyevin taleyinə yazıldı.
Bu fikirləri YAP Yasamal rayon təşkilatının sədri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev söyləyib. O bildirib ki, 1969-cu ilin avqustun 5-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi. Plenumda Ulu Öndər sosial-iqtisadi böhran vəziyyətinin, uzunmüddətli geriliyin təhlilini verdi, səbəblərini açıqladı və çıxış yollarını müəyyənləşdirdi. Məhz bundan sonra aparılan uğurlu daxili siyasət nəticəsində iqtisadi dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə dönüş mərhələsinin başlanğıcı qoyuldu.
Ümummilli lider Heydər Əliyevin fədakar əməyi, xüsusi təşkilatçılığı ilə xüsusilə iqtisadi inkişafın dinamikası Azərbaycanda keçmiş ittifaq respublikalarından xeyli yüksəkdə olub. Dahi şəxsiyyət Heydər Əliyev mərkəzdəki nüfuzundan istifadə edərək respublikanın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən Sovet İttifaqı KP MK və SSRİ Nazirlər Sovetinin 5 mühüm qərarını qəbul etdirməyə nail olmuşdu. Bu 5 mühüm qərarda xalq təsərrüfatının inkişaf etdirilməsi tədbirləri, Azərbaycan SSR-də kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri, respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair və kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması, üzümçülük, şərabçılığı inkişaf etdirmək tədbirləri nəzərdə tutulurdu. Qeyd edək ki, bütün bunları icra etmək üçün mərkəzi büdcədən Azərbaycana xeyli vəsait ayrılmışdı.
1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verilib, 630 min nəfərlik yeni iş yerləri açılıb. Bu illərdə sənaye istehsalı 2,7 dəfə, xalq tələbatı mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8-2,6 dəfə artıb. Heyvandarlıqda isə artım 2,7 dəfə olub. Ümummilli Liderin böyük idarəçilik, təşkilatçılıq bacarığı sayəsində respublikada 5,5 milyon ton pambıq, 7 milyon 399 min ton üzüm, təkcə 1981-ci ildə 831,2 min ton pambıq, 1 milyon 616 min ton üzüm istehsal olunub. Taxıl istehsalı 1969-cu ildəki 573,9 min tondan 1982-ci ildə 1211,3 min tona, üzüm istehsalı 272 min tondan 1982-ci ildə 1725,4 min tona, pambıq istehsalı isə 299,4 min tondan 1981-ci ildə 831,2 min tona çatmışdı. Barama istehsalı isə 1969-cu ildəki 3569 ton tondan 1982-ci ildə 5272 tona çatmışdı.
Xüsusi ilə vurğulamaq lazımdır ki, dahi lider Heydər Əliyevin çox gərgin əməyi sayəsində 1969-1982-ci illərdə neft, neft emalı sənayesi, neft-kimya, neft maşınqayırma, əlvan metallurgiya, qaz istehsalı, elektrotexnika çox surətlə inkişaf etdi. Xəzər dənizində “28 aprel”, “Bahar”, “Azəri”, “Günəşli” və digər neft yataqları aşkar olundu. Xəzər dənizində 2800-6500 metr dərinlikdə neft quyularının qazılmasına başlandı. Yeni qazma qurğularından “Xəzər”, “Bakı”, “Kaspmar neft”, “Şelf-1”, “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və digər qurğulardan bacarıqla istifadə olundu. Nəticədə 1969-1982-ci illərdə neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal olunurdu. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan da neft sənayesinin inkişafında 1978-ci ildə əsası qoyulmuş və 1984-cü ilə fəaliyyətə başlamış Dərin Özüllər Zavodunun çox böyük rolu vardır. Diqqətinizə çatdırmaq istərdim ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Dərin Özüllər Zavodunun ikinci həyatı başladı. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının istismara verilməsi ilə Azərbaycan iqtisadiyyatına güclü bir təkan verildi. Sovet dövründən qalma infrastruktur, ölkənin insan potensialı böyük sürətlə canlanmağa başladı. Dənizdə quraşdırılacaq müasir hasilat və texnoloji emal platformalarının dayaq bloklarının və üst modullarının inşası üçün neft sənayesi müəssisələri, o cümlədən Dərin Özüllər Zavodu müasir beynəlxalq tələblərə uyğunlaşdırıldı. Ümumilikdə qeyd edək ki, ulu öndər Heydər Əliyevin səyi, çoxcəhətli fəaliyyəti nəticəsində 1969-1982-ci illərdə milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı.
Xüsusilə qeyd edək ki, avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Avtomobil yollarının uzunluğu 1985-ci ildə 22,4 min km-ə çatırdı. 1970-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu. 1970-ci ildə “Ulduz” stansiyası istifadəyə verildi. 1972-ci ildə Bakının mərkəzini “8-ci km” qəsəbəsi ilə birləşdirən metro xətti – “Bakı Soveti” – “Neftçilər” metro xətti işə düşdü. 1985-ci ildə “Memar Əcəmi”, “Əhmədli” stansiyalarına gedən yeraltı dəmiryol xətləri istifadəyə verildi. Azərbaycanın dəniz nəqliyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxıstan, Sibir, İtaliya, Əlcəzair, Polşa, Rumıniya və sair ölkələrə mal daşınırdı.
Respublikanın 1970-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşmasına şərait yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə kolxozçuların orta aylıq əmək haqqı isə 1,5 dəfə artmışdı. Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı. Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınıb, çoxmərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 3 milyon kvadratmetrə çatmış və əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.
Ulu Öndər Heydər Əliyev 1978-ci il Azərbaycan SSR Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də Azərbaycan SSR-in Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.
“1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. 1970-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Nəticədə hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır.
Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Məhz erməni millətçilərinin səyi ilə SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi. Lakin ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan ulu öndər Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, ümummilli lider Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi. XX əsrin 70-ci illərində də erməni millətçiləri əsassız torpaq iddiaları ilə çıxış etsələr də, ümummilli lider Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmadı.
Beləliklə, 1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki, həmin illərdə ulu öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi ola bilək. Bütün bunlar ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir.
Əldə olunan nailiyyətlər və quruculuq işləri, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə daha da dinamik inkişaf etdi. Təbii ki, bütün bunların məntiqi nəticəsi vətənimizin ümummilli lider Heydər Əliyevin siyasi varisi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan qaynaqlanaraq regionda reallıqlar yaradaq böyük siyasi güc mərkəzinə çevrilməsini özündə ehtiva etdi. Məhz bu, ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır!”, - deyə Bəxtiyar Nəbiyev fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər