Deputat: Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın mənafeyinə xidmət edib

Deputat: Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın mənafeyinə xidmət edib Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərib.
T.Süleymanov bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır: “Bu kontekstdə bir sıra kompleks məsələlərə nəzər yetirmək vacibdir. 15 iyun 1993-cü ilin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması nəinki ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, eyni zamanda, ölkəmizin bugünkü reallıqlarının başlanğıcının təsdiqidir. Azərbaycan xalqı daim azadlıq, müstəqillik uğrunda mübarizə aparıb, bu istəyinə nail olmaq üçün böyük qurbanlar verib. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyi Aktının qəbul olunmasına baxmayaraq, ilk illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, öz şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Belə bir ağır durumda ulu öndər Heydər Əliyev xalqın köməyinə gəldi”.
Deputat vurğulayıb ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu: “Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən ümummilli lider Heydər Əliyev qısa bir zamanda özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi”.
T.Süleymanov bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir: “Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir”.

Tahir Süleymanov
Milli Məclisin deputatı


Oxşar xəbərlər