ADPU-da “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” Respublika elmi konfransı keçirilib

ADPU-da “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” Respublika elmi konfransı keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə universitetdə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” Respublika elmi konfransı keçirilib. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, mayın 10-da müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Bu münasibətilə ölkəmizdə və bir çox xarici ölkələrdə müxtəlif tədbirlər keçirilir. Bizim bu gün birgə keçirdiyimiz “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” Respublika elmi konfransı da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
Rektor qeyd edib ki, xalqımızın müdrik oğlu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan təhsilinin intibah dövrü kimi səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbər seçilməsinə qədər texniki peşə məktəblərində cəmi 20 min gənc təhsil alırdı. Heydər Əliyev ölkəyə rəhbər seçildikdən sonra isə onların sayı 90 minə çatdı, bütün rayonlarda texniki-peşə məktəbləri yaradıldı. 1969-1982-ci illərdə 1 milyon 500 min uşağın 1 milyon 100 mini yeni tikilmiş məktəblərdə təhsil almağa başladı. Həmin dövrdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatmışdı. Təkcə 1969-1982-ci illərdə Azərbaycanın şəhər, kənd və qəsəbələrində 700-ə qədər yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda 1970-1982-ci illərdə 5 yeni ali təhsil müəssisəsi yaradılmış, ali məktəb tələbələrinin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdı. Qeyd etdiklərimlə yanaşı, Heydər Əliyev istedadlı azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına da xüsusi diqqət yetirirdi. Ötən əsrin 80-ci illərinin əvvəllərində hər il 1000-1400 nəfər azərbaycanlı gənc respublikamızdan kənarda ali təhsil almağa göndərilirdi. Halbuki, 1969-cu il üçün həmin rəqəm cəmisi 47 idi. Məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Heydər Əliyev həmin uzaqgörən siyasəti azərbaycanlı hərbi mütəxəssislərin yetişdirilməsi sahəsində də həyata keçirirdi. Təkcə 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxıçvanski adına Hərbi Liseyin, eləcə də ADPU-da İbtidai hərbi hazırlıq və fiziki təlim fakültəsinin yaradılması da Heydər Əliyevin vətənpərvər fəaliyyəti ilə bağlıdır.
Qüdrətli siyasi xadim Heydər Əliyev respublikamızda yenidən hakimiyyətə qayıtdıqdan sonra təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi və təhsilin milli tərəqqimizin əsas amilinə çevrilməsi üçün ölkəmizdə geniş islahatlar proqramı işlənib hazırlandı. Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Ulu Öndərimizin bu fikri fəaliyyətimizin leytmotivini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində təhsil müəssisələri yeniləşir, inkişaf edir. Müasir dövrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması çox vacibdir. Bu baxımdan, bizim üzərimizə böyük məsuliyyət düşür. Müəllim hazırlığı ölkəmizin milli təhlükəsizliyi məsələsidir. Biz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək üçün əzmlə, fədakarlıqla çalışmalı, bu istiqamətdə bütün səylərimizi gücləndirməliyik.
YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında böyük tarixi xidmətləri haqqında geniş danışıb. Professor Ş.Hacıyevin çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin qazandığı böyük uğurlar, sürətli inkişaf konkret faktlar, rəqəmlər əsasında öz dolğun əksini tapıb.
Səbail RİH-in başçısının müavini Eldar Ağayev çıxışında qeyd edib ki, biz bu gün həyatımızın bütün sahələrində Heydər Əliyevin gərgin əməyini, böyük xidmətlərini görürük. Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider idi. Heydər Əliyev həmişə xalqına, millətinə ləyaqətlə, fədakarlıqla xidmət göstərib. Dövlət başçımız cənab İlham Əliyevin Heydər Əliyevin dövlətçilik strategiyasını uğurla davam etdirməsi nəticəsində ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq siyasi nüfuzu artır.
Konfransda Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsillə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev “Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Geniş və maraqlı məruzələrdə Heydər Əliyevin elmin, təhsilin inkişafındakı əvəzsiz rolundan, eləcə də Azərbaycan dilinin qorunmasında və təbliğində göstərdiyi böyük xidmətlərdən danışılıb.
ADPU-nun rektorunun müşaviri, professor Vilayət Əliyev, YAP-ın Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının sədri, professor Himalay Qasımov, Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev çıxış edərək Heydər Əliyevin böyük tarixi xidmətləri ilə bağlı öz fikirlərini bölüşüblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” Respublika elmi konfransı keçirilib

ADPU-da “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” Respublika elmi konfransı keçirilib

ADPU-da “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” Respublika elmi konfransı keçirilib

Oxşar xəbərlər