Prezident İlham Əliyev: Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı

Prezident İlham Əliyev: Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı.
Təhsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Bu gün Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsinə bir daha dərin ehtiramını ifadə edir. Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir. 1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərliyə başlayanda ovaxtkı Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri demək olar ki, sovet məkanında ən aşağı səviyyədə idi. Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində Azərbaycan Respublikası ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir və əgər Sovet İttifaqında Rusiya Federasiyasından başqa iki özünü təmin edən və donor respublika var idisə, onlardan biri Azərbaycan idi".
İlham Əliyev vurğulayıb ki, məhz onun rəhbərliyi və təşəbbüsü ilə bir çox önəmli layihələr icra olunub, kənd təsərrüfatı sürətlə inkişaf edib: "Kənddə yaşayanlar öz həyat səviyyələrini yaxşılaşdıra bilmişlər. O vaxt Azərbaycanda sənayenin inkişafı çox sürətlə gedirdi. Neft sənayesi inkişaf edirdi. Bir çox önəmli infrastruktur layihələri icra edilmişdir ki, bu gün də müstəqil Azərbaycan üçün onların böyük əhəmiyyəti vardır. Heydər Əliyevin rəhbərliyi ilə o vaxt Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı çox ciddi mübarizə aparılırdı və bu göstəriciyə görə də Azərbaycan sovet məkanında fərqlənirdi.
Bir sözlə, 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə respublika çox böyük uğurlu yol keçmişdir. Heydər Əliyevin fəaliyyəti sovet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, 1982-ci ildə hakimiyyətə gəlmiş Yuri Andropov ilk təyinatını Heydər Əliyevi Moskvaya dəvət etməklə etdi. Yuri Andropov hakimiyyətə geniş islahatlar gündəliyi ilə gəlmişdi. Nizam-intizamın möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin aparılması, iqtisadi islahatlar o proqramın tərkib hissələri idi. Əlbəttə ki, Heydər Əliyev kimi böyük şəxsiyyət, lider bütün bu yeni meyarlara tam cavab verirdi".
Prezident əlavə edib ki, Bakıdan Moskvaya gedəndən sonra Heydər Əliyev üçün yeni dövr başladı: "Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində ən yüksək vəzifələrdən birini tuturdu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü idi. Onun kurasiyasında bir çox sahələr var idi ki, o sahələr Heydər Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməyə başlamışdı. Əlbəttə ki, Azərbaycanda mövcud vəziyyət, Azərbaycanın problemləri onu daim maraqlandırırdı və o çalışırdı ki, yeni imkanlardan istifadə edərək Azərbaycan Respublikasına kömək etsin. O vaxt Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı önəmli qərarlar qəbul edilmişdir. Ancaq əfsuslar olsun ki, Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başladı. Bu tənəzzül özünü müxtəlif sahələrdə büruzə verirdi. Artıq o dinamika hiss olunmurdu. Ancaq Heydər Əliyevin müəyyənləşdirdiyi yol bu dövrdə də Azərbaycanın inkişafına xidmət edirdi və yeganə təkanverici qüvvə idi.
Bildiyiniz kimi, 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız ittihamlarla bütün vəzifələrdən kənarlaşdırıldı. Bunun səbəbləri haqqında geniş ictimaiyyətdə kifayət qədər məlumat var. Sovet rəhbərliyində ən fəal, işgüzar və nəticə verən şəxs heç bir əsas olmadan bütün vəzifələrdən kənarlaşdırıldı. Burada əlbəttə ki, şəxsi-qərəzlik məsələləri öz rolunu oynamışdır. Heydər Əliyev böyük şəxsiyyət idi, həmişə bütün məsələlərlə bağlı öz mövqeyini müdafiə edirdi, o vaxt yenidənqurma adı altında aparılan bir çox işlərə tənqidi yanaşırdı, onları qəbul etmirdi. Bilirdi ki, onların heç bir səmərəsi olmayacaq, əksinə, bunlar çox böyük zərər gətirə bilər. Əlbəttə ki, belə bir müstəqil şəxsiyyətin, özü də sovet məkanında böyük nüfuza malik olan şəxsiyyətin mövcudluğu o vaxt öz imkanlarına inanmayan, təsadüf nəticəsində hakimiyyətin zirvəsinə qalxan şəxsin xoşuna gələ bilməzdi. Bir də əlbəttə ki, Heydər Əliyevin istefasını ona qarşı olan paxıllıq, qısqanclıq və digər mənfi xüsusiyyətlər şərtləndirdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevə qarşı o vaxt sovet məkanında formalaşan erməni qruplaşmaları da rol oynamışdır. Əfsuslar olsun ki, burada, Azərbaycanda donos, anonim məktub yazanlar, vaxtilə rüşvətxorluğa, digər pozuntulara görə onun tərəfindən cəzalandırılan ünsürlər də öz məkrli məktubları ilə Heydər Əliyevə zərbə vurmaq, ondan qisas almaq üçün çirkin əməllər törədirdilər”.

Təhsil-press.az

Oxşar xəbərlər