Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır - ŞƏRH

Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajlarından nəticə çıxarmalıdır - ŞƏRH İlin altı ayının yekunlarına həsr olunan müşavirədə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin Qarabağ, sülh, status barədə söylədiyi fikirlər çox ciddi mesajlardır və hesab edirəm ki, hər kəs, xüsusən də, Ermənistan rəhbərliyi həmin mesajlardan nəticə çıxarmalıdır.
Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.
Onun sözlərinə görə, həqiqətən də 44 günlük müharibənin gedişində və sonunda Ermənistan rəzil günə qalmışdı. Ona görə də tez-tələsik kapitulyasiya aktına imza atdı, geri çəkildi, məğlubiyyətini etiraf etdi, bəlli şifahi razılaşmalara əməl edəcəyini söylədi.
"İndi isə vəziyyət bir az sakitləşib deyə həmin verdiyi sözlərdən qaçmağa, öhdəliklərdən yayınmağa, zaman udmağa çalışır. Hələ utanmaz-utanmaz status söhbəti də edirlər. Daha doğrusu, belə fikirləri baş nazirin, xarici işlər nazirinin, digər məmurların dilindən səsləndirirlər. Hərgah, özləri də gözəl bilirlər ki, belə şey mümkün deyil. Olmayacaq status, ola da bilməz. Qarabağ Azərbaycandır. Qalib tərəf Azərbaycandır. Diqtə edən tərəf Azərbaycandır. Ermənistan bu reallığı dərk etməli və taleyi ilə barışmalıdır. Yox, əgər barışmasa, o zaman "dəmir yumruğun" yeni dalğası qaçılmaz olacaq.
Eyni zamanda, cənab Prezident çox doğru qeyd etdi ki, status məsələsi çox uzansa, biz də Zəngəzurun statusunu tələb edə bilərik. Hansı ki, 1920-ci ildə bizdən zorla qoparılıb. Bəli, gerçək olan da budur. Azərbaycanın hər zaman deməyə sözü və haqqı var. İndiyə qədər bütün haqsızlıqları, qəsbləri, işğalları Ermənistan edib. Bundan sonra isə daha belə qəsblərə, işğallara imkan verilməyəcək. Bundan sonra Ermənistan hər səhvinin və məsuliyyətsizliyinin cavabını alacaq, bədəlini ödəyəcək. Azərbaycan nə desə, nə diktə etsə, Ermənistan tərəfi onunla hesablaşmağa məcbur olacaq", - deputat qeyd edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da Trend-in sualına cavab olaraq bildirib ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir çox vacib məqamlara toxundu.
"Ermənistan 10 noyabr razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, yenə Ermənistan tərəfi davamlı olaraq statusla bağlı məsələ qaldırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, status məsələsi artıq yoxdur. Bu barədə üçtərəfli görüşlərdə də şifahi razılıq əldə olunub. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi yenə Azərbaycana qarşı ərazi iddialarından əl çəkilmir. ATƏT-in Minsk qrupuna gəldikdə isə bu qurumla bağlı Azərbaycanın mövqeyi qəti və konkretdir. 30 il ərzində münaqişəni həll edə bilməyən bu qurum bu gündən sonra prosesə hansı töhfə verə bilər. Minsk Qrupunun üzvləri birgə fəaliyyətin mümkün olmadığını bildirdikləri halda Ermənistan yenə də bu qurumu yenidən diriltmək iddiasına düşüb. ATƏT-in Minsk qrupu artıq ölmüş bir quruma çevrilib, onu yenidən diriltmək mümkün deyil", - deputat vurğulayıb.
C.Məmmədov əlavə edib ki, bütün hallarda Ermənistan 10 noyabr razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir: "30 il ərzində Azərbaycan Ermənistana dəfələrlə xəbərdarlıq etdi. Ancaq Ermənistan bundan nəticə çıxarmadı. Nəticədə 44 günlük müharibədə Ermənistan əhalisi növbəti faciə ilə üzləşdi. Əgər Ermənistan tərəfi növbəti dəfə faciə yaşamaq istəmirsə, 44 günlük müharibədə uğradığı acı məğlubiyyətdən nəticə çıxarmalıdır. Əgər çıxarmasa, bunun nəticəsi Ermənistan üçün çox çətin və ağır olacaq. Vaxtında Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarsa idi, ikinci Qarabağ müharibəsində bu qədər itki verməzdi. Ermənistan ciddi düşünüb qərar verməlidir. Əgər öhdəlikləri yerinə yetirməsə, Azərbaycanın zor tətbiq etməkdən başqa yolu qalmır".

Tehsil-press.az


Oxşar xəbərlər