İmtahan sualları əvvəlcədən ötürülübmüş - Ad açıqlandı

İmtahan sualları əvvəlcədən ötürülübmüş - Ad açıqlandı Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.
Həmin iddialarda iyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur:
ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır.
Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb.
ARTİ bildirir ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq. Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır. Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər