ÜST mütəxəssisi hesab edir ki, meymunçiçəyi xəstəliyinin qarşısı alına bilər

ÜST mütəxəssisi hesab edir ki, meymunçiçəyi xəstəliyinin qarşısı alına bilər Müvafiq qrupların nümayəndələri arasında səmərəli tədbirlərin həyata keçirilməsi sayəsində meymunçiçəyi xəstəliyinin yayılması dayandırıla bilər.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi xəstəliyi üzrə baş mütəxəssisi Rozomund Lyuis Cenevrədə keçirilən brifinqdəki çıxışında bildirib.
“Biz ümid edirik ki, bu, xəstəliyə qarşı mübarizənin daha yaxşı əlaqələndirilməsinə və ölkələr və bütün maraqlı tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə kömək edəcək, eləcə də qlobal həmrəyliyi gücləndirəcək”, - deyə doktor Rozomund Lyuis izah edib.
Bu il 16 min yoluxma halı aşkar edilib, baxmayaraq ki, ÜST nümayəndəsinin sözlərinə görə, halların real sayı daha çox ola bilər.
Bəzi insanların infeksiyanı cüzi simptomlarla keçirdiklərinə baxmayaraq, onlar iki-dörd həftə yoluxucu olaraq qala bilərlər.
Bugünkü tövsiyələrə uyğun olaraq, xəstə olanlar özlərini başqalarından təcrid etməli və sağalana qədər bütün səyahətlərini təxirə salmalıdırlar. Onların təmasda olduğu insanlar 9-21 gün ərzində müşahidə altında qalmalıdır.
Bundan əlavə, doktor R.Lyuisin izahına görə, insan peyvənd edildikdə qorunmanı dərhal əldə etmir - immun cavabın formalaşmasına bir neçə həftə gedir.
Bu ilə qədər virus əsasən endemik hesab olunan Afrikada yayılmışdı. İlk həyəcanverici siqnal Böyük Britaniyada may ayında aşkar olunan hallar oldu.
Doktor R.Lyuis bildirib ki, hazırda ÜST üzv ölkələrlə əməkdaşlıq edərək vaksinlərə ədalətli çıxışı təmin etməyə imkan verən mexanizm işləyib hazırlayır. O vurğulayıb ki, meymunçiçəyi xəstəliyinə qarşı kütləvi immunizasiya hələ ki, tələb olunmur, lakin mütəxəssislər yoluxmuş insanlarla təmasda olanlara peyvənd olmağı tövsiyə edirlər.
Vəziyyət hər yerdə fərqli olduğundan ÜST hesab edir ki, ölkələr müəyyən bir bölgənin ehtiyaclarından asılı olaraq bir-biri ilə vaksinləri paylaşmalıdırlar. O, çiçək və meymunçiçəyi xəstəliklərinə qarşı peyvənd, eləcə də bu virusların diaqnostika vasitələrinin istehsalçılarını istehsallarını genişləndirməyə, həmçinin preparatlara ən çox ehtiyac duyulan yerdə çıxışını təmin etmək üçün ÜST ilə əməkdaşlıq qurmağa çağırıb. Vaksinlər Danimarka, Yaponiya və ABŞ-da istehsal olunur.
Azərbaycanın tibb strukturlarından verilən məlumata görə, ölkədə meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında ÜST Azərbaycana 3000 diaqnostik test gətirərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Tehsil-press.az



Oxşar xəbərlər