ADA Universitetində “Erkən yaş dövrü təhsilində liderlik araşdırmaları forumu” keçirilir

ADA Universitetində “Erkən yaş dövrü təhsilində liderlik araşdırmaları forumu” keçirilir ADA Universitetində “Erkən yaş dövrü təhsilində liderlik araşdırmaları forumu” keçirilir.
Forumda Azərbaycan, Gürcüstan, Finlandiya, Avstraliya, Cənubi Afrika, Norveç və Almaniyanı təmsil edən 70-dən çox yerli və xarici mütəxəssis və təhsil işçisi iştirak edir.
Əvvəlcə forum iştirakçıları 157 saylı uşaq bağçasına baş çəkərək oradakı təlim-tədris prosesini müşahidə ediblər. İştirakçılar Bakının görməli yerlərini ziyarət edərək şəhərimizlə yaxından tanış olduqdan sonra forum öz işinə başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova forumun əhəmiyyətindən bəhs edərək bildirib ki, forum erkən yaş dövrü təhsilində əldə edilən bilik və bacarıqların mübadiləsini təşviq edir, bu sahədə araşdırma aparan tədqiqatçılar arasında pedaqoji əlaqələri və şəbəkələşməni təmin edir və onlara öz araşdırma nəticələrini paylaşmaq üçün platforma təqdim edir.
Forumda salamlama nitqi ilə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, gənclərin gələcək inkişafını təmin etmək üçün onların erkən yaşdakı əqli inkişafına diqqət ayırmalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, məktəbəqədər təhsilə cəlb edilmiş 1‒5 yaşlıların payı 50 faizə çatdırılacaq.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov vurğulayıb ki, ötən 4 ildə erkən təhsildən faydalanan uşaqların faiz göstəricisində diqqətəlayiq artım müşahidə edilir. Belə ki, bu rəqəm 2018-ci ildə 26 faiz təşkil etsə də, hazırda bu göstərici 80 faizdən yüksəkdir.
Finlandiyanı təmsil edən forumun rəhbəri Elina Fonse qeyd edib ki, pandemiya müddətində forumu onlayn formatda keçirdikdən sonra ilk əyani görüşün Bakıda, məhz ADA Universitetində təşkil olunması olduqca sevindiricidir. E.Fonse Bakıda yerləşən uşaq bağçasındakı müşahidələrini və Finlandiya ilə Azərbaycan arasında erkən yaş dövrü təhsilindəki fərqi nəzərə alaraq qeyd edib ki, Azərbaycanda bu sahəyə əsasən magistr təhsili almış mütəxəssislər cəlb olunur.
Qeyd edək ki, forum avqustun 31-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər