“Qisasımı aldım” - Günay Məmmədzadə

“Qisasımı aldım” - Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında gümüş medal qazanan qadın şahmatçımız Günay Məmmədzadə vətənə qayıtdı. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimindən sonra o, qazandığı uğurdan söz açdı. 
Xanım şahmatçımız əvvəlcə hədəfinə tam çatmadığını bildirdi: “Bəlkə də kənardan Avropa çempionatında qazandığım bu uğur gözlənilməz görünür. Əslində, belə deyil. Uğur hədəfim idi, amma tam başa çatdırılmamış bir hədəf oldu. Çünki birinci yeri tutmaq fikrim var idi. Qalib olan polşalı Monika Soçko ilə heç-heçə etsəydim, qızıl medala sahib çıxa bilərdim. Lakin ona uduzduğum üçün ikinci yerdə qərarlaşdım. Oyunlarımda isə hər şey məni qane etdi. Reytinqimi yüksəldə bildim və hazırda reytinqdə 18-ci pillədəyəm”.
G. Məmmədzadə Hindistandakı Şahmat Olimpiadasındakı uğurlu çıxışın ona motivasiya verdiyini dedi: “Hindistanda keçirilən oyunlardan çıxışımız mənə inam verdi. Üstəlik, sonuncu oyunumuzdakı məğlubiyyətimizə rəğmən yaxşı oyamışdıq”. 
Avropa ikinci olan şahmatçımız Çexiyada Hindistanda uduzduğu gürcü idmançıdan qisas aldığını bildirib: “Ümumdünya Şahmat Olimpiadasında gürcülərə uduzmuşduq. Həmin vaxt Gürcüstan yığmasının bir nömrəsi olan Nana Dzagnidzeyə Praqada qalib gəldim. Belə deyək ondan qisasımı aldım. Bu qisas əməliyyatı idi (gülür)”. 



Tehsil-press.az

Oxşar xəbərlər