Azərbaycanın bütün növ böhranlara qarşı dayanıqlı iqtisadi sistemi var - TƏHLİL

Azərbaycanın bütün növ böhranlara qarşı dayanıqlı iqtisadi sistemi var - TƏHLİL Qlobal geosiyasi və geoiqtisadi proseslər dünya iqtisadiyyatını daha çətin fazaya doğru sürükləyir, iqtisadi böhran riski daha da artır. Bir tərəfdən, bir sıra inkişaf etmiş ölkələrdə COVİD-19 virusuna yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına təsirsiz ötüşmür. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu isə 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.
Valyuta bazarlarında isə qeyri-stabillik davam edir. Dünyanın aparıcı valyutaları, o cümlədən avro kəskin şəkildə ucuzlaşmaqdadır. Belə ki, Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib. İndi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdı. Son 1 ildə avro 18 faiz dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib.
Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır.
Avronun dəyər itirməsi fonunda dolların bahalaşması ABŞ iqtisadiyyatında da vəziyyəti çətinləşdirib.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.
FED bu il 2 faizlik infilyasiya hədəfləsə də artıq 12 aylıq qiymət artımı səviyyəsi 7.0 faizə yaxınlaşır. Bu son 40 ildə ABŞ-da ən yüksək infilyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatların ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub.
COVID-19 pandemiyasından sonra tələbin artması enerji və gübrə qiymətlərini artırıb. Qlobal ərzaq məhsullarında qiymət artımları Ukraynada müharibənin başlaması ilə daha da artmağa başlayıb, o cümlədən ölkələr tərəfindən idxala tətbiq edilən məhdudiyyətlər buğda qiymətlərində artımı sürətləndirib.
Belə olan halda bir sıra ölkələr ərzaq təhlükəsizliyi problemləri ilə üzləşib. Ticari məhdudiyyətlərdən Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərqin inkişaf etməkdə olan ölkələri zərər çəkir.
Neft bazarı da qlobal risklərə reaksiyasız qalmır. Doğrudur, mövcud qiymət də kifayət qədər yüksəkdir və enerji ölkələrinin valyuta gəlirlərinin artmasına imkan yaradır. Bununla belə, son tendensiya neft bazarında volatilliyin yüksək və istənilən zaman qiymətlərdə sıçrayışların olacağını istisna etmir.
Hazırda dünyada inflyasiyanın kəskin şəkildə genişlənməsi müşahidə edilir: "Bu yalnız pul kütləsinin artımı ilə bağlı deyil. Aparıcı mərkəzi bankların pul emissiyasının kəskin şəkildə artırılması inflyasiyanın artmasında rol oynayır. Bundan əlavə təklif inflyasiyasının şahidi oluruq. Bu da istehsaldakı nəqliyyat və logistik mexanizmlərdəki qeyri-tarazlıqlarla bağlıdır. Bütün bunlar bazarların yenidən formalaşmasını, de-qloballaşma meyllərinin sürətlənməsini qaçılmaz edir".
İqtisadçı ekspert Aslan Əzimzadə isə “APA-Economics”ə bildirib ki, qlobal iqtisadi tənəzzül özünü aparıcı ölkələrin iqtisadi göstəricilərində də biruzə verir: "Hazırda ABŞ-da sənaye inflyasiyası 25 %, Avrozonada istehlak qiymətləri indeksinə əsaslanan inflyasiya 8,6%-dir ki, bu da həmin ölkələr üçün heç də optimal göstərici deyil. Bu göstəricilərlə mübarizədə sözügedən ölkələrdə müxtəlif metodikalar, o cümlədən biz mərkəzi bankların faiz dərəcələrini artırmasının şahidi oluruq. Bununla belə, dünya iqtisadiyyatında baş verən durğunluq pul kütləsi ilə bağlı deyil, ona görə aparılan monetar siyasətin böyük təsiri olmayacaq. Biz bunu FED-in uçot dərəcisini artırmasının o qədər effektiv olmamasında da gördük".
Bütün bunların fonunda Azərbaycanda iqtisadi stabillik qorunub saxlanılıb. Həm pandemiya dönəmini iqtisadi cəhətdən çox yaxşı keçirdik, həm də dünya iqtisadiyyatında müəyyən geriləmələrin olmasına baxmayaraq Azərbaycanın marko iqtisadi göstəricilərində artım görünməkdədir. Təbii ki, bu da Azərbaycanda rasional iqtisadi idarəetmənin mexanizminin işlədiyini deməyə imkan verir. Xüsusilə demək lazımdır ki, Qarabağda aparılan yenidənqurma və bərpa işləri çərçivəsində Azərbaycan ciddi şəkildə yüksək iqtisadi dividentlər əldə edə bilər. Hər bir ölkənin dayanıqlı inkişafını şərtləndirən başlıca amil birbaşa xarici investisiyalardır. Bu investisiyalar o zaman effektiv olur ki, özü ilə texnologiyalar transfer etsin. Qarabağa cəlb edilən investisiyalar kontekstində texnologiya transferti ölkə iqtisadiyyatının dayanıqlığını səciyyələndirən başlıca faktorlarından biri ola bilər. Dünya iqtisadiyyatında baş verən böhran daha çox enerji və ərzaq sahəsindədir. Ümumilikdə Azərbaycanda müəyyən mənada inflyasiyanın artmasının əsas səbəbləri daha çox xarici faktorlardır. Buna təbii ki, idxal olunan əmtəələrin qiymətinin artmasını misal göstərə bilərik. Yəni, inflyasiya daha çox idxal edilən inflyasiyadır. Həm 2008-ci il qlobal maliyyə böhranında, həm də Covid-19 pandemiyasında biz gördük ki, Azərbaycanın bütün növ böhranlara qarşı dayanıqlı bir iqtisadi sistemi var ki, bu böhranlardan rahat şəkildə yan keçə bilir.

Tehsil-press.az

Oxşar xəbərlər