Dövlət İmtahan Mərkəzi “EY və ACCA ilə yeni üfüqlərə doğru” adlı seminar təşkil edib

Dövlət İmtahan Mərkəzi “EY və ACCA ilə yeni üfüqlərə doğru” adlı seminar təşkil edib Dövlət İmtahan Mərkəzi (DİM) “EY və ACCA ilə yeni üfüqlərə doğru” adlı ödənişsiz seminar təşkil edib. Seminarda 78 nəfər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə maliyyə sahəsində fəaliyyət göstərən bir çox dövlət qurumları və özəl şirkətlərlə birgə layihələr təşkil etməyin önəmini vurğulayıb. O, insan kapitalının davamlı inkişafını təmin etməyin, maliyyə sektorunun bütün seqmentlərinin maliyyə sabitliyinin tənzimlənməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının, həmçinin ACCA və “Ernst & Young Global Limited Azərbaycan”ın başlayacağı layihə çərçivəsində keçiriləcək təlimlərin tələbələr üçün əlçatanlığının vacibliyini qeyd edib.
Seminarda ACCA assosiasiyasının Türkiyə qolunun (Türkiyə, Azərbaycan və Gürcüstan) rəhbəri Filiz Demiröz mühasibatlıq sahəsində karyeraları dəyişən tendensiyaları, fərdlərin karyeralarını inkişaf etdirə biləcəyi yeni yaranan yollar və zonaları araşdıran “Gələcəyə hazır ol: 2020-ci illərdə mühasib peşəsi” adlı tədqiqatının əsas nəticələrini bölüşüb.
Daha sonra “Ernst & Young Global Limited Azərbaycan” (EY) şirkətinin direktor müavini Samirə Şabanova Azərbaycanda karyera imkanları, audit, mühasibat uçotu və konsaltinq sektorunun trend mövzuları, mühasibat və maliyyə sektorunun karyeraya necə təkan verə biləcəyi və yeni qazanılmış peşəkar və texniki bacarıqların yüksək vəzifələrə apara biləcək yolu haqqında çıxış edib.
Bundan əlavə, şirkətin İnsan resursları departamentinin mütəxəssisi Fəridə İsrafilbəyova “Ernst & Young Global Limited Azərbaycan”ın ACCA ilə birgə “Öyrən, bitir və işlə” layihəsinə start verəcəyini qeyd edib. Layihə haqqında məlumat verən mütəxəssis tədbirin sonunda tələbələrin suallarını cavablandırıb.
Layihə çərçivəsində tərəflərin birgə səyi ilə gənclərin məşğulluğunu təşviq etmək, tələbələrə imtahanlar və gələcək işəgötürənlərlə müsahibələrdən uğurla keçmək üçün onların ACCA sertifikatlaşdırılmasına başlamasına kömək göstərilməsi nəzərdə tutulur.
ACCA və “Ernst & Young Global Limited Azərbaycan” proqramı birgə maliyyələşdirəcək, qeydiyyatdan keçmiş tələbələr üçün bəzi imtiyazlar təmin edəcək, həmçinin qeydiyyat və proqram təşkilatçılığına kömək göstərəcək. “Ernst & Young Global Limited Azərbaycan” layihənin 2 seçim mərhələsindən uğurla keçən 3 tələbənin ACCA kvalifikasiya imtahanlarında iştirakı üçün hazırlıq materiallarını təmin edəcək və qeydiyyat xərclərini qarşılayacaq.
Qeyd edək ki, DİM 2020-ci ilin avqust ayından etibarən ACCA assosiasiyasının rəsmi test mərkəzi kimi fəaliyyət göstərir. DİM-də ACCA imtahanları kompüter əsaslı formada keçirilir və namizədlər müvafiq qaydada qeydiyyatdan keçməklə imtahan verə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyat linki DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər