DİM-də ACCA-nın Türkiyə Regional Mərkəzinin nümayəndələri ilə görüş keçirilib

DİM-də ACCA-nın Türkiyə Regional Mərkəzinin nümayəndələri ilə görüş keçirilib Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycanda səfərdə olan ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) Türkiyə Regional Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Namiq Babayev, daxili auditor Elmar Abasov, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Maliyyə şöbəsinin müdiri İlqar İsayev və ACCA-nın Türkiyə Regional Mərkəzinin rəhbəri Filiz Demiröz, bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen Kıymık Coşkun iştirak ediblər.
Tərəflər əməkdaşlıq perspektivləri, peşəkar mühasib sertifikatı (PMS) imtahanlarının təkmilləşdirilməsi istiqamətində ortaq layihələrin həyata keçirilməsi, PMS sahibi olan şəxslərin ACCA-nın müvafiq modullarından azad olması mexanizmləri, maliyyə və mühasibatlıq sahəsinə dair peşəkar inkişaf proqramlarının hazırlaması kimi məsələləri müzakirə ediblər.
Xatırladaq ki, DİM və ACCA 2021-ci il sentyabrın 1-də imzalanmış anlaşma memorandumuna əsasən, rəsmi əməkdaşlığa başlayıb. Qurumlar arasındakı əməkdaşlıq peşəkar səriştə, bacarıq və texniki biliklər sahəsində öyrənmə və inkişaf imkanlarının araşdırılması, ACCA kvalifikasiyaları və sertifikatları haqqında məlumatlılığın artırılması və tanıdılması üçün birgə fəaliyyət və tədbirlərin həyata keçirilməsi, mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq üçün tələbələrin təlim və inkişafını dəstəkləmək məqsədilə birgə proqramların təşkil edilməsi də daxil olmaqla geniş əhatə dairəsinə malikdir.
Qeyd edək ki, görüşdən əvvəl qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə, həmçinin imtahan materiallarının avtomatlaşdırılmış çap prosesi ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər