Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Fizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin açılışında Qarabağ müharibəsində, eləcədə son günlərdə cəbhə xəttində baş verən hadisələrdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə müəssisənin baş direktoru akademik Arif Həşimov əsgər və zabitlərimizin II Qarabağ müharibəsində göstərdikləri fədakarlıqdan danışıb, şəhidlərin xatirəsinin anılmasının hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıb: “Azərbaycan xalqı bu haqq savaşında Prezident İlham Əliyevin ətrafında birləşdi. Torpaqlarımız məhz Prezident İlham Əliyevin rəhbərliyi, qurduğu strategiya və taktikası nəticəsində işğaldan azad edilib. Şəhidlərin qanı bahasına qazandığımız Qələbəni gələcək nəsillərə ötürmək hər bir vətəndaşın borcudur. Bu parlaq Qələbə minlərlə şəhidimizin qanı ilə əldə edilib. Onlar əsl vətənpərvərlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın azadlıq uğrunda canlarından keçdilər”.
İnstitutun Həmkarlar Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova 44 günlük Vətən müharibəsində bütün dünyada ən vətənpərvər xalq kimi tanındığımızı bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində şəhidlərimizin canı və qanı hesabına torpaqlarımız geri qaytarıldı. I və II Qarabağ müharibəsi şəhidləri heç vaxt unudulmayacaq.
Fizika İnstitutunun Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının nümayəndəsi Şəhla Qəmbərova Anım Gününün bizim üçün həm hüznlü, həm də qürurlu gün olduğunu vurğulayıb. O, vətənpərvər oğullarımızın amalının, məqsədinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi olduğunu söyləyib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Behbud İbrahimov isə deyib: “Bu gün əsgərlərinin göstərdiyi şücaət nəticəsində qorxmadan torpaqlarımıza gedə bilirik. Buna görə də bütün şəhidlərimizin qarşısında baş əyirik”.
Sonra Fizika İnstitutunun rəhbərliyi və kollektivi II Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Tehsil-press.az

Oxşar xəbərlər