Özbəkistanın Turin Politexnik Universiteti professorunun ustad dərsi

Özbəkistanın Turin Politexnik Universiteti professorunun ustad dərsi Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Turin Politexnik Universitetinin professoru Davron Matrasulov “Kvant elmindən kvant texnologiyalarına” (“From quantum science to quantum technologies”) mövzusunda ustad dərsi keçib.
Məruzəçi kvant elmi və texnologiyasının müasir inkişafı və problemlərinə toxunaraq klassik və kvant ölçüləri, hissəciyin vəziyyətinin təyini ilə bağlı klassik və kvant təsəvvürlər, onların təsvir formaları, kvant paradokslar, hərəkətin əsas tənlikləri haqqında danışıb. Ustad dərsində kvant sensorlar, kvant metrologiyası, kvant kriptoqrafiyası, kvant kompüterləri, təkfotonlu kvant hesablaması, kvant informasiyalarının kvant şəbəkəsi, şəbəkədə hissəciklərin tənliklərinin kvant qrafları vasitəsi ilə ifadə olunması, həqiqi xətt üzərində şəffaf sərhəd şərtlərinin qurulması və bu kimi digər maraqlı faktlar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, klassik kompüterlərin milyon ildə görə biləcəyi işi kvant kompüterləri saniyələr içində edə bildiyindən kvant texnologiyası ilə yeni dövrə keçid baş verir.
Davron Matrasulovun məruzəsi BDU əməkdaşları və tədqiqatçıları tərəfindən maraqla qarşılanıb, məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər