MDU ilə Aqrar Elm və İnnovasiya Mərkəzi əməkdaşlıq edəcək

MDU ilə Aqrar Elm və İnnovasiya Mərkəzi əməkdaşlıq edəcək Mingəçevir Dövlət Universiteti (MDU) ilə Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) arasında əməkdaşlıq məsələlərinə həsr olunan onlayn görüş keçirilib.
MDU-nun yüksək ixtisaslı kadr hazırlığı istiqamətləri barədə məlumat verən rektor Şahin Bayramov təmsil etdiyi universitetin strateji hədəflərini diqqətə çatdırıb. Yeni dövrün universitetinə çevrilmək istiqamətində son dövrdə atılan addımlardan danışan rektor tədris, tədqiqat və idarəetmə sahəsində innovativ yanaşmanın tətbiqi zəruriliyini vurğulayıb.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla gücləndirilməsinin vacibliyindən bəhs edən Ş.Bayramov AEİM ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib. İnnovativ düşüncə tərzinin və sahibkarlıq bacarıqlarının inkişafına çalışdıqlarını qeyd edən rektor aqrar profilli startap fəaliyyətləri və biznes inkubasiya üzrə potensialın gücləndirilməsi baxımından AEİM ilə işbirliyindən gözləntilərini bölüşüb.
AEİM-in direktoru Əkbər Abbasov təmsil etdiyi qurumun missiyası və fəaliyyət istiqamətləri barədə məlumat verib. AEİM tərəfindən həyata keçirilən uğurlu layihələr barədə danışan Ə.Abbasov elmi təşkilatlar və ali təhsil müəssisələri ilə əlaqələr, texnoloji transfer, elmi innovasiyaların tədqiqi və digər prioritet məsələlərdən bəhs edib.
MDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən Ə.Abbasov tələbələrin və gənc əməkdaşların aqraryönümlü startap fəaliyyətlərinin dəstəklənməsinə xidmət edən mümkün alətləri diqqətə çatdırıb.
Görüşdə MDU və AEİM arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret müzakirələr aparılıb, ortaq fəaliyyətlərin ekspertlər tərəfindən işçi qaydada əlaqələndirilməsi barədə razılıq əldə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər