Azərbaycanlı alim Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Azərbaycanlı alim Beynəlxalq Astronavtika Konqresində iştirak edib Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası laboratoriyasının rəhbəri AMEA-nın müxbir üzvü Vəli Hüseynov Fransanın Paris şəhərində keçirilmiş 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edib.
Beynəlxalq Astronavtika Federasiyasının təşkil etdiyi və 90-a yaxın ölkədən 6 min 500-dən artıq nümayəndənin iştirak etdiyi konqres Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin ev sahibliyi ilə Paris Konqres Mərkəzində keçirilib. Konqresdə 3500-dən artıq elmi məruzə, o cümlədən 800-dən artıq interaktiv təqdimat dinlənilib. V.Hüseynov konqresdə “Kosmik relikt neytrino siqnallarının detektə olunmasının mümkünlüyü və relikt neytrino teleskopunun qurulmasına doğru qapı“ mövzusunda məruzə edib və elmi olaraq əsaslandırıb ki, Böyük partlayışın birinci saniyəsində baş verən hadisələrin iştirakçısı olmuş və bu günə qədər gəlib çatmış relikt neytrinolar yüz qiqaelektronvolt tərtibli enerjiyə qədər sürətlənən və güclü daxili elektrostatik sahəyə malik olan monokristallardan keçən eninə polyarlaşmış ultrarelyativistik elektronlardan səpilərkən kosmik relikt neytrinoların detektə olunması reallığa çevrilir. Bu elmi nəticə qalaktikamızda bizdən təqribən yüz işıq ili məsafədən və onun hüdudlarını aşan məsafələrdən gələn relikt neytrino siqnallarını detektə etməyə və relikt neytrino teleskopunu qurmağa imkan verir.
V.Hüseynov konqresdə interaktiv təqdimatla çıxış etdiyi “Kosmik relikt neytrinoların enerjisinin gücləndirilməsi” adlı ikinci elmi işində olduqca aşağı enerjiyə malik olan kosmik relikt neytrinoların enerjisinin gücləndiyi fiziki şəraiti aşkar edərək sübut edib ki, kosmik relikt neytrinoların enerjisini yüzlərlə qiqaelektronvolta qədər gücləndirmək və kosmik relikt neytrinolardan istifadə etməklə enerjini çox böyük kosmik məsafələrə ötürmək mümkündür. V.Hüseynovun bu elmi təqdimatı konqresin Proqram Komitəsi tərəfindən 800-dən artıq elmi işin arasından seçilmiş ən yaxşı 80 iş sırasına daxil edilib.

Tehsil-press.az


Oxşar xəbərlər