ICESCO-nun beynəlxalq simpoziumunda BDU-nun rektoru kosmik texnologiyalardan istifadənin təhsildə tətbiqindən danışıb

ICESCO-nun beynəlxalq simpoziumunda BDU-nun rektoru kosmik texnologiyalardan istifadənin təhsildə tətbiqindən danışıb Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Kosmik sənaye və islam dünyası: əhəmiyyəti, çağırışlar və fürsətlər” (First International Symposium on Space Science, Importance, Challenges, Emerging Opportunities in Space Industry and Islamic World) adlı kosmik elmlər üzrə I Beynəlxalq simpoziumda iştirak edib.
Simpoziumda Mərakeş, Pakistan, Azərbaycan, Səudiyyə Ərəbistanı və ICESCO-ya üzv digər ölkələrin universitetləri, İslam Dünyası Universitetləri Federasiyasının üzvü olan ali məktəblərin nümayəndələri, elm xadimləri, gənc sahibkarlar, tədqiqatçı alimlər, mütəxəssislər, astronavtlar, kosmik agentlik və komissiyaların nümayəndələri iştirak ediblər.
Onlayn və oflayn formatda keçirilən simpozium İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən ABŞ-ın “Space Foundation” və İslam Dünyası Universitetləri Federasiyası (FUIW) Baş katibliyinin dəstəyi ilə təşkil olunub.
BDU-nun rektoru Elçin Babayev simpoziumda ekspert qismində çıxış edərək Azərbaycanda gənc elmi tədqiqatçıların kosmos və əlaqəli elmlər sahəsində tədqiqatları, eləcə də onların təcrübi biliklərinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyətinə diqqət çəkən rektor Elçin Babayev “Azərkosmos” ASC-nin bu sahədə həyata keçirdiyi yeniliklərdən bəhs edib. Dünyada kosmik proqramlar və kosmik texnologiyalardan istifadənin təhsildə, elmdə tətbiqindən, mövcud kosmik texnologiya ilə əlaqəli fəaliyyətlərdən danışıb.
Simpoziumun gündəminə kosmik ekosisteminin əhəmiyyəti, mövcud problem və fürsətlər, qlobal kosmik ekosistemin idarə olunması, kosmik kəşfiyyata cəlb olunma, kosmos sahəsindəki elmi yeniliklər və bu sahə ilə bağlı digər önəmli məsələlər qoyulub.

Tehsil-press.az


Oxşar xəbərlər