Peşə hazırlığı kurslarına start veriləcək

Peşə hazırlığı kurslarına start veriləcək Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyi arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə peşə hazırlığı kurslarının icrasına başlanılıb.
Tərəflər kadr ehtiyaclarının öyrənilməsi, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkili və məşğulluğunun təmini istiqamətlərində birgə əməkdaşlığı nəzərdə tuturlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na olunan əlavə və dəyişikliklərə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında peşə təhsili müəssisələrində peşə hazırlığı kursları təşkil olunacaq.
Əməkdaşlıq çərçivəsində, Bakı və regionlarda yerləşən peşə təhsili mərkəzlərində müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların keçirilməsi nəzərdə tutulur. Kurslar ilkin olaraq xidmət, sənaye, İKT və digər istiqamətləri əhatə edən 13 ixtisas üzrə keçiriləcək. Təlimlərin ənənəvi və ya hibrid formatda keçirilməsi nəzərdə tutulur. Kurslarda nəzəri biliklər ilə yanaşı, praktiki bacarıqların tədrisinə də xüsusi önəm veriləcək.
Kursların təşkilinin əsas hədəflərdən biri işəgötürənlərlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməklə təlim iştirakçılarının məşğulluğunun təmin edilməsidir. Bu istiqamətdə əməkdaşlıq dəyişən əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlığına və onların məşğulluğunun təmin edilməsinə dəstək göstərəcək. Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Qeyd edək ki, kurslara yalnız Dövlət Məşğulluq Agentliyində qeydiyyatdan keçmiş işsiz şəxslər müraciət edə bilərlər.

Tehsil-press.az




Oxşar xəbərlər