Bakıda Rusiya ali məktəblərinin sərgisi açılıb

Bakıda Rusiya ali məktəblərinin sərgisi açılıb Noyabrın 10-da Bakıdakı Rus Evində Rusiyanın yeddi şəhərindəki ali məktəblərin sərgisi açılıb.
Tədbirin əvvəlində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Bakıda Rus Evinin rəhbəri İrek Zinnurov, Rusiya və sovet ali məktəblərinin məzunlarının Azərbaycan Assosiasiyasının sədri Üzeyir Əliyev tədbir iştirakçılarını salamlayıblar.
Sərgidə Rusiya Xalqlar Dostluğu Universiteti, “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, A.İ.Gertsen adına Rusiya Dövlət Humanitar Universiteti, Kazan Federal Universiteti və başqa ali məktəblər iştirak edir.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlərə müsahibəsində vurğulayıb ki, bu sərginin açılışı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıqda mühüm addımdır. Səfir deyib: “Gənc mütəxəssislərin hazırlanması hər bir dövlətin mövcudluğunun əsasıdır. Xoşagələn haldır ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşma mövcuddur. Bu sərgi Azərbaycan gənclərinin Rusiya ali məktəblərinə daxil olarkən düzgün seçim etmələrinə kömək edəcək, Rusiya və Azərbaycan tədris müəssisələri arasında ali məktəblər səviyyəsində əməkdaşlığı möhkəmlədəcək, təhsil sahəsində təcrübə mübadiləsinə şərait yaradacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər