Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq

Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda ikigünlük beynəlxalq forum işə başlayıb. Tədbirdə ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra şəhidlərin ruhuna hörmət əlaməti olaraq, Aİİ-nin tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavəti təqdim edilib.
Tədbiri açan Aİİ rektoru dosent Aqil Şirinov Forumda MDB dövlətlərindən və dünyanın bir çox ölkəsindən islamşünaslıq sahəsində tanınmış tədqiqatçıların iştirak etdiyini bildirib. Vurğulayıb ki, müstəqil Azərbaycanda islamşünaslığa dövlət səviyyəsində önəm verilir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu sahənin ayrıca bir ixtisas kimi tədris olunması buna bariz nümunədir. Forumun keçirilməsində məqsəd MDB ölkələrində islamşünaslıq istiqamətində mövcud vəziyyəti müzakirə etmək, bu sahənin aktual problemlərinin tədqiqinə marağı artırmaq, həmçinin tədqiqatçılar arasında elmi əməkdaşlığı təşviq etməkdir.
Tədbirdə “İdrak” İctimai Birliyinin sədri Rüfət Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Gürcüstan Parlamentinin deputatı Tariel Nakaidze, Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri Seymur Nəsirov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, dünya miqyasında dini ayrı-seçkiliyin artdığı, dinin siyasiləşdirildiyi və ya siyasi maraqların həyata keçirilməsində alətə çevrildiyi, bilərəkdən dini zəmində qarşıdurmalara rəvac verildiyi müasir dövrdə qlobal sülh və təhlükəsizlik naminə dinlər arasında harmoniya, dialoq və əməkdaşlığa nail olunması, o cümlədən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması prioritet məsələyə çevrilib.
Vurğulanıb ki, multikultural və tolerant dəyərləri öz siyasətinin tərkib hissəsinə çevirmiş Azərbaycan dövləti bütün vətəndaşlarına öz inanclarını yaşamaq üçün lazımi şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dünyada təkcə sosial-iqtisadi göstəricilərinə görə deyil, həm də dinlər və sivilizasiyalararası dialoqun qurulduğu mərkəzlərdən biri kimi tanınır.
Beynəlxalq forumda, həmçinin Rusiyada yaşayan müsəlmanların sayı, məskunlaşdıqları ərazi barədə məlumat verilib. İslamın Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçasına çevrildiyi, habelə müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, MDB ölkələrində İslam elmlərinin tədqiqi və tədrisi məsələlərinə toxunulub.
Qeyd olunub ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər. Gürcüstan cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyətinin təbliği davam edir. Millətlərarası və dinlərarası sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün mümkün olan bütün addımlar atılır.
Tədbirdə, həmçinin Misirdə ölkəmizin tanıdılması istiqamətində görülən işlər, ərəb dilli mənbələrdə Azərbaycan alimləri haqqında tədqiqatların aparılması barədə məlumat verilib.
Çıxışlarda müasir dünyada terrorizmi və insana qarşı nifrətin istənilən formasını rədd edən İslamın mahiyyətini cəmiyyətə düzgün çatdırmağın çox önəmli olduğu vurğulanıb.
Beynəlxalq forum panellərlə davam etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər