Asiya ölkələri ilə elmi əməkdaşlığa doğru daha bir addım

Asiya ölkələri ilə elmi əməkdaşlığa doğru daha bir addım Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Ankarada Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusevlə görüşüb.
Əhməd Nuri Yurdusev bu yaxınlarda AMEA-nın Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına üzv seçilməsi münasibətilə akademik İsa Həbibbəylini təbrik edib. O, AMEA ilə AASSA arasında yeni yaradılmış əlaqələrin əhəmiyyətinə toxunub, AMEA-nın Asiya qitəsində fəaliyyət göstərən yüksək elmi qurumlarla əməkdaşlığına geniş şərait yaradılacağını qeyd edib. Professor bu il AASSA tərəfindən Asiya qitəsi ölkələrində keçiriləcək 4 beynəlxalq tədbirə üzv ölkə kimi ilk dəfə Azərbaycan alimlərinin də dəvət ediləcəyini vurğulayıb. Bildirib ki, bununla da beynəlxalq elmi əməkdaşlıqda yeni perspektivli layihələrə başlamağa imkan yaradılacaq.
Akademik İsa Həbibbəyli AMEA-nın AASSA-ya üzvlüklə əlaqədar müraciətinə müsbət cavab verildiyinə görə professor Əhməd Nuri Yurdusevə minnətdarlığını ifadə edib. O, böyük elmi təşkilatın tədbirlərində və layihələrində AMEA alimlərinin də yaxından iştirak edəcəyini bildirib. Rəhbərlik etdiyi qurumun dünyanın aparıcı beynəlxalq elmi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının AMEA-nın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini deyən akademik İsa Həbibbəyli bununla bağlı müvafiq addımlar atıldığını diqqətə çatdırıb.
Görüş zamanı AASSA-nın əhatə etdiyi ölkələrdə keçiriləcək elmi tədbirlərdə və layihələrdə iştirakla əlaqədar əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyası AMEA-nın rəsmi olaraq tərkibinə daxil olduğu ilk beynəlxalq qurumdur. Baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşən bu qurum 34 ölkənin Elmlər akademiyalarını əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər