Ümumdünya Mühəndislik Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Mühəndislik Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan Mühəndislik Akademiyası Milli Aviasiya Akademiyası və Azərbaycan Sənaye Korporasiyası ilə birlikdə Ümumdünya Mühəndislik Günü münasibətilə tədbir keçirib.
Tədbirdə bu akademiyanın vitse-prezidenti akademik Əhəd Canəhmədov “4 Mart – Ümumdünya Mühəndislik Günüdür” mövzusunda məruzə edib.
Məruzə ətrafında Mühəndislik Akademiyasının müxbir üzvləri, o cümlədən Milli Aviasiya Akademiyası İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov, Elmi-Tədqiqat İnstitutunun direktoru Aydın Musayev, fakültə dekanı dosent Nazim Nağıyev, kafedra müdiri dosent İslam İsgəndərov və tələbələr adından Aysel Səmədova çıxış ediblər.
Tədbir iştirakçılarını Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, iqtisad üzrə fəlsəfə doktoru Kamran Nəbizadə və “Azəralüminium” ASC-nin direktoru, Beynəlxalq və Azərbaycan Mühəndislik akademiyalarının həqiqi üzvü Maksim Cavadov onlayn rejimdə təbrik ediblər.
Yekunda vitse-prezident Əhəd Canəhmədov Azərbaycan Mühəndislik Akademiyasının 2005-ci il noyabrın 30-da təsis edildiyini xatırladıb. O, noyabrın 30-nun “Azərbaycan Mühəndislik Günü” kimi qeyd olunması üçün müvafiq qaydada müraciət edilməsi barədə təklif irəli sürüb. Onun sözlərinə görə, ölkəmizdə “Azərbaycan Mühəndislik Günü”nün peşə bayramı kimi təsis edilməsi çoxsaylı mühəndislərə və gənc mühəndis kadrlarına böyük töhfə olar və bu nəcib peşənin cəmiyyətdə nüfuzunun daha da artmasına əhəmiyyətli dərəcədə təkan verər.

Tehsil-press.az

Oxşar xəbərlər