Misir kosmosa yeni peyk göndərib

Misir kosmosa yeni peyk göndərib Misir Kosmik Agentliyinin baş direktoru Şərif Sidki bildirib ki, bu gün Çindən ikinci uzaqdan zondlama peyki “Horus 2” orbitə çıxarılıb. Bundan əvvəl - fevralın sonunda Çinin şimal-qərbindəki Jiuquan Kosmik Mərkəzindən “Horus 1” peyki Günəşlə sinxron Aşağı Yer Orbitinə (LEO) çıxarılmışdı.
“Horus” peykləri Misirin 2030-cu ilə qədər davamlı inkişaf üçün strateji hədəfinə uyğun olaraq orbitə buraxılıb. “Horus 2” müxtəlif sektorlarda istehsal edilən ən yaxşı məhsulları müəyyən edəcək, Misirin təbii ehtiyatlarından istifadəni yaxşılaşdıracaq və ixracı artıracaq. Ş.Sidki deyib ki, peyklərin Yerə ötürəcəyi məlumatlar sayəsində torpaqlardan ən yaxşı şəkildə istifadə olunacaq, bu da özünü ərzaqla təmin etməyə və valyutaya ehtiyacın azalmasına gətirib çıxaracaq. “Horus” peykləri yüksək texnologiyalarla təchiz olunub və çoxspektrli təsvir kameralarına malikdir.
"Horus” peykləri Misir və Çinin strateji əməkdaşlığının bir hissəsidir. İki ölkənin ekspertlər qrupu bu peyklərin inkişafı, istehsalı və sınaqlarını həyata keçirib. Pekin və Qahirə bu əməkdaşlıq vasitəsilə peyk sənayesi və texnologiyasının lokallaşdırılmasında əsas məqsədlərindən birinə nail olublar. 2019-cu ilin avqustunda Prezident Əbdülfəttah Əs-Sisinin göstərişi ilə yaradılan Misir Kosmik Agentliyi bu peykləri məhz ölkə ərazisində istehsal etməyi nəzərdə tutur.
1998-ci ildə kosmosa telekommunikasiya peyki buraxan ilk ərəb ölkəsi olan Misirin uzaqdan zondlama və kosmik elmlər üzrə milli təşkilatı ilə Ukraynanın “Yujnoye” bürosu arasında əməkdaşlıq çərçivəsində hazırlanmış birinci uzaqdan zondlama peyki “EgyptSat 1” 2007-ci ildə kosmosa göndərilib. İkinci uzaqdan zondlama peyki “EgyptSat 2” 2014-cü ilin aprelində buraxılıb, lakin 2015-ci ilin fevralında kosmosda itib. Onu əvəzləmək məqsədilə dörd il sonra Misir Qazaxıstandakı “Baykonur” kosmodromundan “EgyptSat A” peykini fəzaya göndərib.

Tehsil-press.az

Oxşar xəbərlər