İlahiyyatçı: Ramazan ayında mənəvi baxımdan zənginləşirik

İlahiyyatçı: Ramazan ayında mənəvi baxımdan zənginləşirik Müsəlman aləmi üçün müqəddəs Ramazan ayı başlayır. Şəriətə əsasən, bu ayda insanların günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyrulur. Oruc İslamın ən böyük ibadətlərindən biridir. Qurani Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Sizdən əvvəlki ümmətlərə oruc ibadəti fərz edildiyi kimi sizə də fərz edildi”. Bu il Ramazan martın 23-dən aprelin 21-dək davam edəcək. Təxminən 29 gün oruc tutulacaq. Oruc tutmaq üçün ilk olaraq müsəlman olmaq, həddi-buluğa çatmaq, oruc tutacaq gücə və səhhətə malik olmaq lazımdır. Oruc tutan şəxs səfərdə olmamalıdır, buna “muqim” də deyirlər. Oruc fəcri sadiqdən axşam namazına qədər tutulur. Oruc sübh namazının vaxtından axşam azanına qədər insanın yeməkdən, içməkdən və cinsi münasibətdən özünü uzaq tutması deməkdir.
Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat kafedrasının müəllimi Vüqar Səmədov deyib.
Onun sözlərinə görə, oruc ibadəti insanda öyrəşdiyi həzzlərdən imtina etmə enerjisini meydana gətirir: “Oruclu olduğunu bilərək hər hansı qida qəbul etmək, öz istəyi ilə qusmaq orucu pozur. Həmçinin oruclu olduğunu bilərək cinsi münasibətdə olmaq orucu batil edir. Dəstəmaz alarkən boğazına su getməsi, iftardan əvvəl qida qəbulu orucu pozur. Sahur vaxtı bitdikdən sonra qida qəbulunu davam etmək orucu pozar. Bəzən olur ki, insan oruc tutduğunu unudaraq yemək yeyir. Peyğəmbərin bir hədisinə görə, bu, oruclu şəxsə bir ikramdır və orucu pozmur. Gözə dərman tökmək, qulağa su getməsi, yuyunmaq, öz istəyi olmadan qusmaq, qan aldırmaq, ağızda tüpürcəyi udmaq kimi hallar orucu pozmaz”.
Oruc tutmağın faydalarından danışan Vüqar Səmədov orucun insana nəfsini nəzarət altında saxlamağı öyrətdiyini söyləyib: “Peyğəmbərimiz buyurur ki, sizə mübarək Ramazan ayı gəlib, onu oruclu keçirin və onun fəzilətindən məhrum qalmayın. Bir hədisdə də buyurur ki, kim bir gün oruc tutarsa, Allah onu 70 il cəhənnəmdən uzaq tutar. İnsan nəfsdən ibarətdir, bu, insanı bir çox dünyəvi arzulara-istəklərə sövq eləyir.
Oruc insana bu dünyada sadəcə yemək və içməkdən ibarət olmadığını, başqa şeylərin olduğunu da öyrədir.
Quranda deyilir ki, insanlara arzular, şəhvətlər sevdirildi. İnsan yemək yeməkdən başlayaraq, bu dünyada deyək ki, gözəl evləri ələ keçirmək, məqam ələ keçirmək və bunun uğrunda vuruşmaq kimi işlər görür. Buna bağlı olaraq insanda həsədli nifrət, zülm etmə duyğuları formalaşır. Oruc ibadəti insanı qəflətdən oyadır ki, dünya bu işlərə dəyərmi? Əsas məsələlərdən biri də bu dünyanın keçici olduğunu, insanın malın, mülkün həqiqi sahibi olmadığını bilməyi, axirət dünyasının olduğunu və bu dünyada nə edərsə, axirətdə qarşısına çıxacağını öyrədir. Oruc qəlbi saflaşdırır, qəlbdəki mənfi duyğuları ortadan qaldırır, müsbət duyğuları yerləşdirir. Orucda ən önəmli xüsuslardan biri şəxsiyyətli, səbirli insan yetişdirməkdir. Bir çox yerdə görürsən ki, insanlar müəyyən müddət səbir edə bilmirlər. Beləliklə insan oruc sayəsində səbirli olmağı, şükür etməyi öyrənir. Ramazan ayında mənəviyyatla doyuruq, mənəvi baxımdan zənginləşirik və bu, 12 ay boyunca bizə bəs edir. İnsan nemətin içərisində olduğu zaman onun qiymətini bilmir. Bir ay ərzində hər gün 10-15 saat bu nemətlərdən özümüzü məhrum edirik. Ona qovuşduğumuz zaman ürəkdən şükür edirik. Allah da buyurur ki, şükür edənin neməti artırılır”.

Tehsil-press.az


Oxşar xəbərlər