“Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində AzMİU tələbələri ilə görüş

“Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində AzMİU tələbələri ilə görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində gənclər üçün məlumatlandırma sessiyası keçirilib.
Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə gerçəkləşən tədbirdə rəsmi qonaqlar və 100-ə yaxın tələbə iştirak edib.
Tədbiri açan AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbəsinə diqqət çəkib və “Ağıllı Qarabağı tanıyaq” layihəsinin gənclərin məlumatlandırılması sahəsində əhəmiyyətinə toxunub.
“İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyasının keçirilməsində ali təhsil müəssisəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, təşkilatın müxtəlif fəaliyyətlərində digər universitetlərlə yanaşı, AzMİU-nun tələbələri də fəal iştirak edirlər.
Daha sonra Qarabağ Dirçəliş Fondunun əməkdaşı Vüsal Kərimov və “İrəli” İctimai Birliyinin mətbuat katibi, “Ağıllı Qarabağı tanıyaq” layihəsinin rəhbəri Arif Rəhimli təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə həyata keçirilən tədbirlərin vacibliyi, ölkəmizdə tətbiq olunan “Ağıllı kənd” konsepsiyası, Qarabağın dirçəlişi prosesində “Ağıllı şəhər”lərin rolu, habelə “Qarabağda urbisid” layihəsi haqqında geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə gənclərin sualları cavablandırılıb. Sonda məlumatlandırma sessiyasında iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər