Ukrayna geniş əks-hücum ərəfəsindədir

Ukrayna geniş əks-hücum ərəfəsindədir Hazırda bütün dünyanın nəzəri Ukraynadadır. Artıq Ukrayna Silahlı Qüvvələri çoxdan proqnozlaşdırılan genişmiqyaslı əks-hücumların astanasındadır. Xarici tərəfdaşların vəd etdiyi hücum silahları, o cümlədən tanklar, qırıcı təyyarələr Ukrayna ərazisindədir. Hər an genişmiqyaslı əks-hücumlar başlaya bilər.
Cəbhədə ən ağır döyüşlərin getdiyi Baxmut şəhərinin uğurlu müdafiəsi də əks-hücumları şərtləndirən səbəblərdən biridir. Çünki Baxmutun itirilməsi Ukrayna Silahlı Qüvvələrində döyüş ruhunu zəiflədə bilərdi. Hazırda Baxmut ətrafında müxtəlif informasiyalar yayılır. Bəzi mənbələr Ukrayna Ordusunun əlverişli mövqelərə yiyələndiyini qeyd edirlər. Bu şəhər uğrunda döyüşlərdə Ukraynanın müxtəlif bölgələrindən gətirilən hərbi elitanın iştirak etdiyi bildirilir.
Siyasi elmlər namizədi, ukraynalı politoloq Oleksi Buryaçenko AZƏRTAC-a açıqlamasında bildirib ki, Baxmut ətrafında vəziyyət mürəkkəbdir, lakin idarə olunur. Hərbçilər bunu məhz belə adlandırırlar.
Oleksi Buryaçenkonun sözlərinə görə, Baxmut ətrafında rus işğalçıları böyük itkilər verirlər. Onların ekvivalenti ukraynalı müdafiəçilərdən dəfələrlə çoxdur. Təbii ki, Ukrayna rəhbərliyinin dediyi kimi, Baxmut öz funksiyasını yerinə yetirir. Bu, Ukraynanın mövqeyinin yaxşı müdafiə xətlərinə görə, coğrafi mövqeyə görə düşmənin zəiflədilməsidir, çünki Baxmutun ortasından çay keçir və bu, təbii müdafiə istehkamıdır, rus işğalçılarının oranı keçməsi çox çətindir. Üstəlik, Baxmutda yüksək hərbi rəhbərlik daim işləyir. Ukrayna quru qoşunlarının rəhbəri general Sırski, oraya çox tez-tez baş çəkir və vəziyyəti birbaşa qiymətləndirərək təhlil edir. Digər tərəfdən, orada çoxlu analitiklər işləyir və Baxmutu müdafiə etmək tamamilə hesablanmış, hərbçilərin hesabladığı bir strategiyadır. Davam edən təhlillər daim dəyişən müvafiq vəziyyətlərlə əlaqədar olur və ona hesablanır ki, hansı istiqamətlərdə müdafiəni gücləndirmək, yaxud əksinə, əks-hücum etmək lazımdır. Yəni Baxmutun müdafiəsi ətrafındakı bütün vəziyyət proqnozlaşdırılır və Ukrayna Silahlı Qüvvələri tərəfindən idarə olunur.
Ekspertin fikrincə, əks-hücumlar labüddür. İctimaiyyət üçün açıq olan informasiyalardan məlum olur ki, bu məqsədlə azı 8 briqada formalaşdırılıb. Birləşmiş briqada müasir texnikalarla təchiz olunub. Ancaq əks-hücumların harada, necə və nə vaxt olacağını söyləmək çətindir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksi Danilov açıqlama verərək əməliyyatların vaxtını və istiqamətlərini təxminin 3-5 nəfərin bildiyini söyləyib. Ancaq onu qeyd etmək lazımdır ki, bunun üçün müvafiq hava şəraiti olmalıdır.
Proseslərin gedişi qarşıdakı aylarda hələ ağır döyüşlərin olacağını söyləməyə əsas verir. Bu əks-hücumlar müharibədə dönüş nöqtəsimi olacaq, yoxsa əksinə? Bunu zaman göstərəcək.

Tehsil-press.az



Oxşar xəbərlər