Tunis sahilində 23 miqrant itkin düşüb, dənizdən 4 nəfərin cəsədi çıxarılıb

Tunis sahilində 23 miqrant itkin düşüb, dənizdən 4 nəfərin cəsədi çıxarılıb Tunisin ədliyyə rəsmisi bildirib ki, Şimali Afrika ölkəsindən gələn miqrant qayıqlarının sayının kəskin artması fonunda ən azı 23 afrikalı miqrant itkin düşüb, dördü isə şənbə günü Aralıq dənizindən İtaliyaya keçmək istəyən iki qayığın Tunis sahilində batması nəticəsində ölüb.
Tunisin Sfaks məhkəməsinin hakimi Favzi Masmudi sahil mühafizəsinin ölkənin cənubundakı Sfaks şəhəri yaxınlığında daha 53 nəfəri xilas etdiyini, onlardan ikisinin vəziyyəti ağır olduğunu bildirib. O əlavə edib ki, 4 cəsəd çıxarılıb.
Son həftələr Tunis sahillərində qeyri-leqal miqrantlarla bağlı dəfələrlə baş verən insidentlər zamanı onlarla insan itkin düşüb və ölüb. Bu ölkə Avropada daha yaxşı həyat ümidi ilə Afrika və Yaxın Şərqdəki yoxsulluq və münaqişələrdən qaçan insanların əsas çıxış nöqtəsi hesab edilir. Qonşu Liviyada insan alverinə qarşı aparılan mübarizə Tunisi qaçaqmalçılar üçün daha əlverişli edib.
Milli Qvardiyanın bildirdiyinə görə, ilin ilk üç ayında əsasən Sahara-altı Afrikadan olan 14 mindən çox qanunsuz miqrant Avropaya keçmək istəyərkən tutulub və ya xilas edilib ki, bu da keçən ilin eyni dövründə qeydə alınan rəqəmlərdən beş dəfə çoxdur.
Miqrantların Aralıq dənizi ilə yollandığı İtaliyanın Baş naziri Giorgia Meloni bildirib ki, Tunisdə maliyyə sabitliyi qorunmazsa, Avropa Şimali Afrikadan onun sahillərinə nəhəng miqrant dalğasının gəlməsi riski ilə üzləşəcək. O, Beynəlxalq Valyuta Fondu və inkişaf etmiş ölkələri Tunisin dağılmaması üçün ona təcili kömək etməyə çağırıb.
Tunisin xarici işlər naziri Nabil Ammar keçən həftə ölkənin sərhədlərini daha yaxşı qorumaq üçün maliyyə və avadanlığa ehtiyacı olduğunu söyləyib. Bu ölkə ötən illərdə İtaliyadan avadanlıq almışdı, lakin Ammar onların köhnəldiyini və kifayət etmədiyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər