BP əməkdaşının Bakı Dövlət Universitetində ustad dərsi

BP əməkdaşının Bakı Dövlət Universitetində ustad dərsi BP-nin “Turan Qazma və Mühəndislik” şirkətinin dəniz neft-qaz quyularının qazılmasında texniki təhlükəsizlik üzrə mütəxəssisi Əkbər Cəlilov Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələrinə “Dəniz qazma əməliyyatları və təhlükələrin müəyyən olunması” mövzusunda ustad dərsi keçib.
Ustad dərsində Ə.Cəlilov müasir qazma üsullarından istifadə etməklə neft-qaz yataqlarında istismar prosesinin səmərəliliyinin artırılması və təhlükəsizlik qaydalarına riayət olunması, qazma məhlullarının keyfiyyət parametrləri və funksiyaları haqqında məlumat verib.
O qeyd edib ki, müxtəlif regionlarda, xüsusən mürəkkəb geoloji şəraiti olan sahələrdə neft və qaz quyuları qazılan zaman mürəkkəbləşmələr baş verir və bunun aradan qaldırılmasına çoxlu vaxt və vəsait sərf olunur. Mürəkkəbləşmələrin səbəbləri, başvermə mexanizmləri və nəticələrindən bəhs edən Ə.Cəlilov bildirib ki, onların əksəriyyətinə anomal lay təzyiqləri zonalarında rast gəlinir. Lay təzyiqi yüksək olduqda, neft-qaz-su təzahürləri baş verə bilər və bir çox hallarda bunlar açıq fontana keçir. Lay təzyiqi çox kiçik olduqda məhlulun udulması kimi ağır mürəkkəbləşmə ilə rastlaşmaq olar. Qeyd olunanlar qazma zamanı dərin tədqiqatların aparılmasını, baş verə bilən mürəkkəbləşmələrin erkən mərhələdə proqnozlaşdırılması yollarının axtarılması məsələsini gündəliyə çıxarır.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər