ADPU tələbəsi “Erasmus Mundus” proqramının Qafqaz ölkələri üzrə qalibi olub

ADPU tələbəsi “Erasmus Mundus” proqramının Qafqaz ölkələri üzrə qalibi olub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi, Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvü Murad Hüseynov Azərbaycanda ilk dəfə olaraq torpaqşünaslıq ixtisası üzrə Avropa İttifaqının “The Erasmus Mundus Master in Soil Science” layihəsinin təqaüd proqramını qazanıb.
“Erasmus Mundus” proqramı çərçivəsində 2019-2024-cü illəri əhatə edən “The Erasmus Mundus Master in Soil Science” (torpaqşünaslıq üzrə magistr) layihəsinin büdcəsi 3.032.000.00 avrodur. Layihənin əsas tərəfdaşları Türkiyənin Ondokuz Mayıs Universiteti, Polşanın Krakov Kənd Təsərrüfatı Universiteti, Bolqarıstanın Plovdiv Kənd Təsərrüfatı Universiteti və İordaniyanın Elm və Texnologiya Universitetidir.
Murad Hüseynov müsabiqənin ümumilikdə 860 (6 yerli) namizədi arasından müvəffəqiyyət qazanaraq seçilənlər sırasındadır. Layihədə torpaqşünaslıq ixtisası üzrə Azərbaycan, Ermənistan və Gürcüstan üzrə yalnız bir yer ayrılmışdı. Üç ölkə arasında Azərbaycan təmsilçisi olan Murad bu yeri qazanıb.
Qeyd edək ki, layihənin Azərbaycan üzrə koordinatoru Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Məmmədova və ADPU-nun Ümumi coğrafiya kafedrasının torpaqşünaslıq üzrə fənn müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Mətanət Əsgərova tələbələrin müsabiqəyə hazırlanmasında yaxından iştirak edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər