UFAZ-da konfrans: Mürəkkəb hesablama ekosistemləri

UFAZ-da konfrans: Mürəkkəb hesablama ekosistemləri Azərbaycan-Fransız Universitetində (UFAZ) “Mürəkkəb hesablama ekosistemləri” (Complex Computational Ecosystems - CCE’23) adlı beynəlxalq elmi konfrans keçirilir.
Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru professor Lətafət Qardaşova, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon, Strasburq Universitetinin professoru Pyer Kolle tədbirin əhəmiyyətini vurğulayıblar.
UFAZ-ın ev sahibliyi ilə üç gün davam edəcək konfrans ADNSU, Strasburq Universiteti, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi və UNESCO (UniTwin) ilə birgə keçirilir.
Mürəkkəb hesablama ekosistemləri beynəlxalq 3 illik konfrans kimi ilk dəfə ölkəmizdə təşkil olunub. CCE çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdisiplinar problemlərlə məşğul olan alimləri bir yerə toplayır. Hibrid formatda keçirilın tədbirdə 18 məruzəçi və 5 əsas məruzəçinin çıxışı nəzərdə tutulur. Onların arasında UFAZ-ın kompüter elmləri üzrə müəllimləri Ülviyyə Əbdülkərimova, Rauf Fətəli və Samer El Zant da var.
Konfransa 11 ölkədən elmi məruzələr təqdim olunub və elmi komitə onlardan 18-ni seçib. Azərbaycanla yanaşı Fransa, Almaniya, ABŞ, İrlandiya, Çexiya, Yaponiya və digər ölkələrdən olan alimlər məruzəçi kimi tədbirə qatılır.
Konfransın materialları “Springer” beynəlxalq elmi nəşrində dərc olunacaq.

Tehsil-press.az




Oxşar xəbərlər