Azərbaycan və Türkiyə: “Bir millət - iki dövlət”dən “bir yumruğa”

Azərbaycan və Türkiyə: “Bir millət - iki dövlət”dən “bir yumruğa” Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident İlham Əliyevin İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı və çıxışı böyük əhəmiyyət daşıyır. Çıxışda dövlətimizin başçısı müharibə günlərində türk millətinin, dövlətinin və Prezidentinin Azərbaycanın yanında olmasını, “Şuşa Bəyannaməsi”ni xatırlaması göstərir ki, bu iki qardaş ölkə arasında münasibətlər yüksək səviyyədədir.
Bu fikirləri Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, festival qardaş ölkənin son 20 il ərzində böyük inkişaf yolu keçdiyini sübut edir. Prezident İlham Əliyev vurğuladı ki, Türkiyə dünya miqyasında söz sahibidir. G-20 sıralarında olan qüdrətli Türkiyə Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısıdır.
“1918-ci ildən bəri ilk dəfə olaraq türk əsgəri bu gün Azərbaycandadır. Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzi olan Türkiyə böyük türk dünyasının birləşməsi prosesində aparıcı, tarixi əhəmiyyətli rol oynayır. Müdafiə sənayesinin inkişafı və texnoloji yüksəlişi təkcə Türkiyənin deyil, Azərbaycanın da, müttəfiqlərinin də mövqeyini gücləndirir, təhlükəsizliyinin təmin edilməsində vacib rollardan birini oynayır. Prezident İlham Əliyevin dediyi aşağıdakı fikirlər son 20 ildə Türkiyənin qüdrətli dövlətə çevrilməsində keçdiyi yolun mənzərəsini yaradır: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur”.
Prezidentin münasibətlərimizi “Bir yumruq” kimi səciyyələndirməsi bu günümüzün və gələcəyimizin başlıca prinsipidir. Keçilən yol göstərir ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikləri zaman hədəflərinə çatırlar.
Nəhayət, Prezident İlham Əliyevin səfəri zamanı Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması əhəmiyyətli oldu. Heç kəsə sirr deyil ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan apardığı dirçəliş işlərində maliyyə və digər texniki məsələlərə ehtiyacı olmasına baxmayaraq, qardaş əlini uzadaraq “Əsrin fəlakəti” nəticəsində evləri dağılmış və çadırlarda yaşamağa məcbur olan türk qardaşlarımızın acılarını sarımaq üçün Türkiyədə bu işləri görməyə başlaması, “Azərbaycan şəhəri”nin əsasının qoyulması tək ürək, tək yumruq olduğumuzu göstərir. Bu gün ölkəmizdə çadır şəhərciklərində soydaşlarımız yaşamasa da, həmin həyatın nə demək olduğunu yaxşı bildiyimizdən ilk növbədə oradakı qardaşlarımızın Azərbaycanın köməyi ilə tezliklə normal həyata qayıdacaqlar”, – deyə deputat qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər