Professor: İşğaldan azad olunmuş ərazilərlə bağlı planlaşdırılmış siyasət həyata keçirilir

Professor: İşğaldan azad olunmuş ərazilərlə bağlı planlaşdırılmış siyasət həyata keçirilir Prezident İlham Əliyevin Tərtərin Talış kəndinə səfəri, bir sıra obyektlərin açılışını etməsi, bəzilərinin təməlini qoyması, sakinlərlə görüşməsi, Novruz tonqalını alovlandırması və xalqa bayram müraciəti böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bundan əvvəl də Novruz tonqalını azad edilmiş ərazilərimizdə - 2021-ci ildə Şuşada, 2022-ci ildə isə Suqovuşanda alovlandırmışdı. Bu, Azərbaycanın azad edilmiş ərazilərin tez bir zamanda bərpasına və əhalinin doğma yurd yerlərini mümkün qədər tez qayıtmasına nə qədər böyük önəm verdiyini bariz nümunəsidir.
Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı söyləyib.
Deputat bildirib ki, keçmiş məcburi köçkünlərin Novruz bayramı ərəfəsində doğma yurdlarına köçməsi əlamətdar hadisədir. Kənddə iş yerlərinin açılması, bir sıra obyektlərin təməlinin qoyulması dövlətimizin azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı sistemli və aydın planının olduğunu göstərir.
"Prezident İlham Əliyevin kənd camaatı ilə səmimi görüşü hamının ürəyincədir. Sakinlərlə görüş və söhbət bir daha göstərdi ki, dövlətimizin başçısı zəmanəmizin görkəmli dövlət və siyasi xadimi olmaqla bərabər, həm də sadə, səmimi və əsl xalq adamıdır. Prezident İlham Əliyev çıxışında da dediyi kimi, gücünü millətimizdən alır”, - deyən M.Qasımlı vurğulayıb ki, dövlətimizin başçısının çıxışı bir neçə baxımdan təhlil edilməlidir. İlk növbədə, bu çıxış bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərin bərpasına dair dərin əsaslandırılmış, proqnozlaşdırılmış və planlaşdırılmış siyasət həyata keçirilir. Millətdə bir daha əminlik yarandı ki, ərazilərimiz tezliklə dirçəldiləcək və sakinlər dədə-baba torpaqlarına qayıdacaqlar.
Musa Qasımlı deyib ki, Prezidentin çıxışında, həmçinin Ermənistana və onu müdafiə edənlərə bir sıra xəbərdarlıqlarla yadda qaldı. Dövlətimizin başçısı qəti şəkildə bildirdi ki, Ermənistan ya Azərbaycanın şərtləri əsasında sülhü qəbul edəcək, ya da sülh olmayacaq. Sülhün olmaması isə nə deməkdir, bunu hamı bilir. Əgər Ermənistan sülh istəməyəcəksə, baş verən bütün hadisə və proseslər ilə bağlı məsuliyyət də rəsmi İrəvanın üzərinə düşəcək. Azərbaycan Prezidentinin çıxışında ən qürurverici məsələlərdən biri də Ermənistanı himayə edən dövlətlərə xəbərdarlıq edilməsi və Ermənistanın himayədarlıq üçün bir neçə dövlətə müraciət etməsi oldu. Dövlətimizin başçısı qətiyyətlə vurğuladı ki, Ermənistanın haqsız işlərini kimlərin müdafiə etməsindən asılı olmayaraq, Azərbaycan öz yolundan dönməyəcək. Azərbaycan həmin ölkələrin siyasətinin puç olacağını göstərəcək və öz məqsədlərinə nail olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər